Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi və genişləndirilməsinə inam ifadə edilib.
Unikal.org xəbər verir ki, Bu barədə AZƏRTAC-a ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildiriblər.
V.Sadıqov BQXK-nın bütün dünyada, eləcə də Azərbaycanda apardığı humanitar işlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, təşkilatın Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib. O, qoşunların təmas xəttində baş verən son hərbi toqquşmalar zamanı həlak olanların cəsədlərinin tərəflərə təhvil verilməsində BQXK-nın vasitəçiliyinin təqdirəlayiq olduğunu vurğulayıb, buna görə təşəkkürünü bildirib.
P.Maurer Azərbaycan ilə BQXK arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Təmsil etdiyi təşkilatın Ermənistan əsirliyində olan şəxslərin vəziyyəti ilə mütəmadi şəkildə maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinə ümidvar olduğunu söyləyib.