Azərbaycanda halal standartı ilə fəaliyyət göstərən hotellərin sayının artması yeni inşa edilən hotellərin sayının artması nəticəsində mümkün ola bilər.

Unikal.org  trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Hazırda Azərbaycanda olduqca az sayda hoteldə halal standartlarının tətbiq edildiyini deyən M.Ağakərimov qeyd edib ki, halal standartı ilə fəaliyyət göstərən hotellərdə qadınlar və kişilər üçün ayrıca hovuz, namaz otağı olmalı, alkoqollu içkilər olmamalı, verilən yeməklər halal standartı ilə istehsal edilən məhsullardan hazırlanmalıdır:

"Gələcəkdə yeni hotellər inşa olunanda bəzi sahibkarlar öz yerləşdirmə obyektlərini halal standartları əsasında qura bilərlər. Hazırkı hotellərin bu tipdə qurulması üçün isə sahibkarlara əlavə sərmayə lazımdır. Ona görə də bu standartları həyata keçirmək o qədər də asan məsələ deyil.

M.Ağakərimov deyib ki, Azərbaycanda hotellərdə halal standartlarının tətbiqi islam ölkələrindən ölkəmizə gələn turistlərin axını ilə əlaqədardır.
Onun sözlərinə görə, halal standartlarının tətbiqi məcburi deyil:

"Əgər hər hansı hotel öz fəaliyyətini bu standartlar əsasında qurmaq istəyirsə, bunu edə bilər. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm Assosiasiyası bu sahədə hotellərə kömək edə bilər.

Qeyd edək ki, Azərbaycanda bu il qəbul edilən "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqində məqsəd ölkəmizə müsəlman dövlətlərindən gələn turistlərin sayını artırmaqdır.

Bu standartlar halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edir.

Standartlarda müsəlman turistləri cəlb etmək məqsədilə onların halal prinsiplərinə uyğun olaraq, yaşayışının, qidalanmasının və asudə vaxtlarının səmərəli təşkili üçün tələblər öz əksini tapıb. Bu tələblərə uyğun fəaliyyət göstərən mehmanxanalarda alkoqol və donuz əti istifadə olunmur, yalnız halal prinsiplər əsasında hazırlanan yeməklər və şəxsi gigiyena vasitələri istifadəçilərə təqdim edilir. Həmçinin, kişilər və qadınlar üçün ayrıca su hovuzu, Spa xidmətləri göstərilir.

Xatırladaq ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib.

Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb. Bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər olub.