Bakıda məhbusların qaçması faktı ilə bağlı həbs olunan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı, qarovul rəisi Ceyhun Səmədov şəhid ailəsinin üzvüdür.

Unikal.org report-a istinadən xəbər verir ki, C.Səmədovun qardaşlarından biri - Gülümxan Hüseyn oğlu Səmədov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə şəhid olub. Belə ki, 1994-cü ilin martın 21-də Daxili Qoşunların kəşfiyyatçısı kimi ermənilərlə döyüş zamanı Gülümxan Səmədov əsgər yoldaşları Faiq Rzayev və Tofiq Abdullayevlə birgə minaya düşərək, dünyasını dəyişib. G.Səmədov Bakının Keşlə qəsəbəsindəki şəhid qəbiristanlığında torpağa tapşırılıb. Hazırda Keşlədə ailə üzvlərinin yaşadığı evə xatirə lövhəsi vurulub.

Çoxuşaqlı ailənin övladı olan C.Səmədov əvvəllər daha iki qardaşını itirib. Qardaşlarından daha biri - Rafael Səmədov da hərbi xidmət vaxtı bədbəxt hadisə nəticəsində vəfat edib.

Qardaşı Oqtay Səmədov "Report"a qeyd olunan məlumatları təsdiqləyib. O, hazırda istintaq getdiyi üçün açıqlama vermək istəmədiyini, lakin iki qardaşını Vətən yolunda itirən, şəhid ailəsinin üzvü olan C.Səmədovun dövlətin qanunlarına zidd əmələ yol verməsinə inanmadığını bildirib.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.

Kriminal aləmdə tanınan Ə.Ağaminin "Lotu Quliyə yaxın şəxslərdən olduğu bildirilir. "Qoca ləqəbli E.Məmmədov isə daha çox Etibar Hacıqabulski kimi tanınır.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb,
Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ceyhun Səmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.