"Apardılar, Dağlıq Qarabağda həlak oldu. Cəbrayıl rayonu istiqamətdəki döyüşlərdə öldürdülər onu. İndisə deyirlər ki, mənzil veririk. Dəysin başlarına o mənzil".
Ermənistan Silahlı Qüvvələrinin 33 yaşlı polkovnik-leytenantı Aleksan Arakelyan aprelin 2-də Cəbrayıl rayonu istiqamətdəki döyüşlərdə öldürülüb.
Ermənistanda iqtidarda olan Respublika Partiyasından olan deputat Arman Saakyanın təşəbbüsü ilə "Sos Gumru" proqramı həyata keçirilir. Bu proqram çərçivəsində Dağlıq Qarabağ döyüşlərində həlak olmuş erməni hərbçilərin ailələrinə mənzillər verilir.
Mənzil alacaq ailələr arasında A.Arakelyanın ailəsi də vardı.
Arakelyanın arvadı və iki övladı kiçik, birotaqlı mənzildə yaşayırlar.
A.Arakelyan sağ olanda Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət edərək Gümrü rayon mərkəzində ona mənzil verilməsini istəmişdi. Amma Arakelyanın müraciətləri hər dəfə cavabsız qalmışdı.
A.Arakelyanın atası Gevorq Arakelyanın atasının dediyinə görə, onlar mənzildən imtina ediblər.
"Dəysin onların başlarına! Oğlum Ermənistan ordusunda 16 il xidmət etdi, mənzil ala bilmədi. Daha doğrusu, ona mənzil vermədilər. İndisə elə bil itin qabağına sümük atırlar. Oğlum həlak olub, onun qanını Sarkisyana və onun generallarına haram edirəm! Deputatlar 200 min dollarlıq maşın sürürlər, amma oğlumun ailəsi həmişə yarıac-yarıtox yaşadı. Döyüşdə ölənin xatirəsini belə istəmirlər. Onların pulu, sözləri mənə gərək deyil. Oğlumun məzarı üstündə abidəni özüm qoyacağam. Qoy bu şərəfsizlər pullarını kazinolarda, barlarda, kafelərdə xərcləsinlər. Nə istəyirlər, eləsinlər - onlardan mənə heç nə lazım deyil. Evimi satacağam, oğlumun məzarının üstündə heykəl qoyduracağam", - G.Arakelyan söyləyib.
O daha sonra bildirib ki, azərbaycanlılar ermənilərin mövqelərini ələ keçirəndən sonra polkovnik Xovik Abramyan onun oğlunu məhz həmin mövqelərə göndərib: "Komandir oğlumu ölümə göndərdi. Xovik Abramyana suallarım var. Tankın akkumulyatorlarını kimə satdın? ZTR-də yanacaq əvəzinə su vardı. Alayın, taburun ərazisində donuzlar gəzirdi. O donuzlar kimindi?! Təbii ki, Xovik Abramyanın".
G.Arakelyan oğluna ölümündən sonra verilmiş "Döyüşçü Xaçı" ordenini də geri qaytarmaq istəyir, çünki Ermənistan Müdafiə Nazirliyindən kimsə bu ordeni ailəyə sayğı əlaməti olaraq təqdim etməyib.
G.Arakelyan tək deyil.
Ermənistanın Şirak vilayətinin Artik rayonunda, Mes Mantaş kəndində yaşayan Qaboyanlar ailəsi də "dördgünlük müharibə"dən sonra "qara kağız" alıb.
Leytenant Argişti Qaboyan döyüşlərdə öldürülüb.
A.Qaboyanın atası Arsvi Qaboyan indi Ağdərə rayonunda səngərdədir.
Qaboyanlar ailəsi isə kənddəki köhnə yeməkxanada yaşayır.
Argiştinin anası Lüsine Qaboyan deyir: "Sarkisyan özünü prezident hesab edirsə, bu xalqın lideri bilirsə, niyə onun, qohumlarının, dəstəsindəki adamların, nazirlərin, deputatların oğulları cəbhədə deyillər?! Oğullarımızı niyə ölümə göndərirsiniz?! Yoxsa Qarabağ müharibəsində qalib gəldiyinizi düşünürsünüz?!"