İspaniyanın Milli məhkəmə kollegiyası mafiya ilə əlaqəli olan bir neçə Rusiya vətəndaşını barəsində beynəlxalq həbs orderi verib.

Unikal.org xəbər verir ki, bu haqda "El Mundo" qəzeti yazır. Həbs orderi verilənlər arasında prezident Vladimir Putinin yaxın adamı hesab olunan deputat da var. Həbs qərarları "rus mafiyası"nın işi çərçivəsində verilib.

2008-ci ildə İspaniya polisi ruslardan və digər MDB respublikalarının vətəndaşlarından ibarət "Tambovsk" və "Malışevsk" kriminal qruplaşmalarına qarşı əməliyyat keçirib. Bunlar kriminal avtoritetlər Gennadi Petrovun və Aleksandr Malışevin başçılıq etdiyi kriminal qruplaşmalardır. Təhqiqatlar nəticəsində məlum olub ki, bu qruplaşmaların Rusiya hakimiyyətində mühüm postlar tutan nüfuzlu şəxslərlə əlaqələri var. Əməliyyat zamanı hər iki kriminal avtoritet, habelə 20 mafioz həbs olunub.

Qəzet yazır ki, işi araşdıran hakim Xose de la Matın həbsinə order verdiyi şübhəlilərdən biri Rusiya Dövlət Dumasının deputatı, milyoner Vladislav Matusoviç Reznikdir. "O, Rusiyanın maliyyə və siyasi sistemində iri fiqurdur, Putinə yaxındır"-məqalədə deyilir.


Məhkəmə kollegiyasının çıxardığı həbs orderinə əsasən Reznik Petrovun mafiyasının maraqlarını Rusiyanın yüksək hakimiyyət dairələrində müdafiə edib. Sənədə əsasən Petrovla Reznik arasında münasibətlər o cümlədən iqtisadi xarakter daşıyır, onların həm İspaniyada, həm Rusiyada ortaq iqtisadi maraqları olub.

Həbsinə order verilənlər arasında Reznikin arvadı Diana Gindin də yer alır. Qəzetin yazdığına görə Rusiya DİN-in Mərkəz federal dairəsi üzrə Baş idarəsinin rəisi, general Nikolay Aulevin də barəsində həbs qərarı verilib. Bildirilir ki, mafioz qruplaşmalar generaldan Rusiyanın yüksək inzibati dairələrində "fəaliyyət həyata keçirmək üçün" istifadə edib. "Aulov öz hakimiyətindən və etibarlı adamlarından istifadə edərək Petrov zərər yetirmək istəyənləri qorxudub, onlara qarşı təhdid xarakterli aktlar həyata keçirib"-həbs orderində deyilir.

Qəzetin yazdığına görə həbsinə order verilənlərdən biri də Aulovun adamlarından Leonid Xristoforovdur. Siyahıda habelə Rusiya prokurorluunun xüsusilə ağır cinayətlərin araşdırılması Baş idarəsinin rəis müavini İqor Sobolevski də yer alır.


"Ədalətli Rusiya" partiyasından olan deputat Reznikin adı ilk dəfə 2008-ci ildə ispan polisinin keçirdiyi "Troyka" əməliyyatında mafiya ilə əlaqəli hallanıb. Həmin əməliyyat zamanı polis Reznikin Malyorkadakı villasında da axtarış aparmışdı və onun Petrovun mafiyası ilə əlaqələrinə dair dəlillər aşkar etmişdi. Deputat özü bu ittihamı "siyasi sifariş" adlandırıb.

Lakin 2009-cu ildə ispan hakim Baltasar Qarson residivist Luis Rodriqes Pueyodan Reznikin əleyhinə ifadə alıb. Cinayətkar deyib ki, 2008-ci ilin aprelində Reznikin sifarişi ilə milyarder Fransisko Ernandonun oğlunu oğurlamağa cəhd edib. Sifarişin motivi isə Ernandonun "Tambov qruplaşması"nın lideri Gennadi Petrova 30 milyon dolları qaytarmaqdan imtina etməsi idi.