Son vaxtlar infarkt ən geniş yayılmış ürək xəstəliklərindən biridir. Lakin xəstənin infarkt keçirib-keçirmədiyini necə müəyyən etmək olar?

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə deyib: "Bəzən həkimlər də onu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bunun üçün ilk növbədə analiz və elektrokardioqram müayinəsi lazım olur, çünki infarkt zamanı hökmən ağrı olması şərt deyil. Məsələn, şəkərli diabeti olan xəstələrdə infarkt ağrısız formada da gedə bilər, bəzən xəstələrin 30 faizində ağrı olmur. Digər tərəfdən də sinə nahiyəsində yandırıcı ağrı olmasının səbəbləri çoxdur və hər ağrını da ürəkağrısı kimi qəbul etmək olmaz.

Döş sümüyünün arxasında yandırıcı ağrı olduqda xəstəni rahat oturtmaq lazımdır. Həmin anda hərəkət etmək çox zərərlidir. Ağrının səbəbi bilinməsə də, onu ürəkağrısı kimi qəbul etmək lazımdır. Ona görə ki, başqa səbəblərdən olan ağrılar ürək üçün təhlükəli deyil. İlk növbədə ürəkağrısı aradan qaldırılmalıdır, çünki gecikmək ürək əzələsini itirmək deməkdir. Şəkərli diabet xəstələri, hipertoniyalı xəstələr, siqaret çəkənlər, ailəsində erkən ürək xəstəliyinə tutulanlar, 45 yaşdan yuxarı olanlar, xolesterini yüksək olanların ürək xəstəliyinə tutulma riski daha yüksəkdir.