"Azərbaycan Dəmir Yolları QSC-nin bir qrup əməkdaşı Bakının Nəsimi rayonunda yerləşən "Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin təsis etdiyi "Şəhidlər muzeyini ziyarət edib.

Unikal.org xəbər verir ki, "Şəhidlər muzeyinin yaradıcısı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, "Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Əlövsət Qasımov ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlər zamanı şəhid olan eləcə də yaralanan hər bir döyüşçünün bu xalqın tarixində əbədi qalacağını bildirib.

Ə. Qasımov muzey haqqında məlumat verərək bildirib ki, bu unikal muzey yeddi ildir ki, fəaliyyət göstərir və muzeydə 950 şəhidin fotoları, haqqında məlumatlar öz əksini tapıb. Bura tez-tez ziyarətçilər baş çəkərək, Qarabağ həqiqətləri ilə tanış olurlar. Hazırda muzeydə 1988-1996-cı illər ərzində Qarabağda baş verən qanlı faciələri əks etdirən fotolar, xatirələr, vətənpərvərlik fəaliyyətini göstərən sənədlər qonaqlara nümayiş olunur.

İctimai Birliyin sədri, dəmiryolçuları "Şəhidlər muzeyində sərgilənən şəkillərlə tanış edib, onlara hər şəkilin tarixçəsi barədə ətraflı məlumat verib. O, həmçinin müharibənin dəhşətindən söz açaraq, döyüş zamanı baş verən gərgin olaylar barədə danışıb.

Daha sonra çıxış edənlər-iki qardaş şəhid vermiş, İB-nin icraçı direktoru Rümanə Əmirəliyeva, təqaüddə olan polkovnik Niyazi Məmmədov, Ələkbər Həşimov, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu, şəhid atası Allahverdi Əliyev "Şəhidlər muzeyinin əhəmiyyətindən danışıblar.