"Azərpoçt MMC ilk dəfə "Debit MasterCard ödəniş kartlarının emissiyasına başlayıb.

İlk mərhələdə 20 min kartın personallaşdırılması nəzərdə tutulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən unikal.org-a verilən məlumata görə, "Debit MasterCard - debit məhsulu olaraq, "MasterCard Beynəlxalq Ödəniş Sistemi tərəfindən yaradılıb. Sistemin əsas üstünlüyü "Debit MasterCardın POS-terminallarda əməliyyatların həyata keçirilməsində elektron ticarət zamanı əməliyyatların icrasına imkan yaratmasıdır. Bu kartların texniki üstünlüyü isə kontaktsız əməliyyatları dəstəkləməsidir. Bu tip kartlarla həyata keçirilən əməliyyatlar zamanı müştərilərin kart hesabına tətbiq olunan rüsumlar digər kart tiplərinə nisbətən daha ucuzdur.

Hər bir fiziki şəxs "Debit MasterCard tipli ödəniş kartını əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlərlə "Azərpoçt MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət edə bilər. Kartı əldə edən istənilən korporativ və fərdi müştəri üçün rüsumlar 1 illik - 10 manat, 2 illik -18 manat, 3 illik - 24 manat təşkil edir.

"Azərpoçt MMC ilə əməkhaqqı layihəsində iştirak edən müəssisələrin əməkdaşları üçün rüsumlar 1 illik - 8 manat, 2 illik - 15 manat, 3 illik - 21 manatdır.