Vergilər Nazirliyinin şairlərdən vergi alınması ilə bağlı verdiyi açıqlama maraqla qarşılandı. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov fikrinin təhrif edildiyini desə də, müzakirələr səngiməyib.

Unikal.org xəbər verir ki, Sfera.az məsələ ilə bağlı bəzi şairlərin fikirlərini öyrənib.

Sayman Aruz şairlərdən vergi almağın günah olduğunu deyib: "Şairlərdən vergi almaq günahdır. Şairin özünə vergini allah verir, heç kim allahın verdiyi vergidən özünə pay ala bilməz."

Şair Dinməz Türk vergi almaq üçün şeirlərin necə bölünəcəyi ilə maraqlanıb: "Gərək onda şeirləri bölələr, məsələn, qəzələ filan qədər, hecaya filan qədər, sərbəstə filan qədər. Bir də ki, vergilər nazirinə yazılmış şeirlərə də vergi verilməlidir? Yoxsa, onda şairə vergi verəcəklər?

Elşad Barat isə yazdığı şeirlərlə heç vaxt pul qazanmadığını və bunu bütün şair dostlarının adından dediyini açıqlayıb. O, şeirinə vergi yox hətta həbs düşən adamların olduğunu da bildirib : "Şairdən vergi almaq ədəbiyyata xəyanət olduğu qədər Allaha da üsyandır. Allah bizə şeir formasında vergi verir, kimsə Allahın vergisindən vergi almaq istəyirsə, o, özünü həkimə göstərsin. Belə deyək ki, şair xalqın düşünən beyni, ən qayğıkeş tərəfidir. Belə çıxır ki, bu qərarla xalqın düşünən yerini kəsmək, qayğıdan məhrum etmək istəyirlər. Bir də ki, şeir şairin əzabı, acısı, ahıdır. Təsəvvür edin ki, bir adam gəlib deyir ki, ay filankəs, ah çəkdiyinə görə mənə pul verməlisən. Biz heç birimiz indiyə kimi, şeirdən pul qazanmamışıq. Düşünürəm ki, bəzi şou-şairlərin qarşısını almaq üçün verilib bu qərar. Məsələn, Elza Seyidcahan, Kənan MM kimi adamların şeirinə nəinki vergi, həbs düşür.