Yer üzündəki canlıların ən işgüzarı olan arılar təbiətin möcüzələrindən biridir. Onlar haqda bilmədiklərimiz bildiklərimizdən daha çoxdur.

Unikal.org xəbər verir ki, ümumilikdə 7 arı məhsulu var - arı südü, zəhəri, vərəmum, gül tozu, mumya, güləm və bal. Onların hər biri qiymətli və əvəzsizdir. İndi haqqında daha geniş danışacağımız isə arı mumudur. Mum arılara şan toxumaq üçün lazımdır. Arı şanı toxuduqdan sonra onun içərisinə bal yığır və bala qoyur. Pətəkdə kifayət qədər bal, güləm olduqda, işçi arılar yaxşı "gəlir gətirdikləri vaxt arı ailəsi mum ayırır və yüksək keyfiyyətli şan hörür. Təbiətdən "gəlir gəlmirsə, yuvada en qədər süni yem olsa belə arılar şan hazırlamır. Mumun kimyəvi tərkibi mürəkkəbdir. 300-dən çox maddə, o cümlədən karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Mum bioloji aktiv məhsuldur və güclü bakterisid təsirə malikdir. Ağız boşluğu xəstəliklərində balla mumu çeynəmək müalicəvi təsir edir. Mum bitki və heyvani yağlarda yaxşı həll olur. Ondan hazırlanan məlhəm və balzamlardan dəri xəstəliklərində istifadə olunur. Müasir kosmetologiya və farmakologiyada müxtəlif krem, məlhəm, emulsiya və şamların hazırlanmasında mumdan geniş istifadə edilir. Parfümeriya zavodlarında mumdan alınan efir yağı keyfiyyətinə görə gül və jasmin efirindən geri qalmır və daha ucuz başa gəlir. Krem, dodaq boyaları, göz qələmləri, ənlik və dezodorantların istehsalında mumdan geniş istifadə olunur. Bəzi kosmetoloji maskaların tərkibində də mum olur. Mum elektrotexnika, poliqrafiya, ağac emalı, toxuculuq və şüşə sənayesində də qiymətli xammal hesab edilir.