"Ermənistan hökumətinin iki deputatın "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyinin tanınması təşəbbüsü ilə bağlı rəyi ətrafındakı söz-söhbətlər yersizdir".
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilir ki, hökumətin rəyi bu təşəbbüslə razılıq demək deyil: "Ermənistan hansı halda Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını dəfələrlə açıq şəkildə bəyan edib. Etibarlı tərəfdaş kimi Ermənistan prezidenti bu kimi vacib qərarla bağlı əvvəlcədən öz həmkarlarını, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini məlumatlandıracaq".
 
Xatırladaq ki, bu gün Ermənistan hökuməti "DQR"in müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsinə rəy verərək sənədi parlamentə göndərib. Sözügedən sənədi bu gün hökumətin iclasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.