"Reuters" agentliyinin əməkdaşları Dağlıq Qarabağ münaqişəsi zonasında olub, qoşunların təmas xəttində baş verənləri öz gözləri ilə görüblər.
Agentlik əməkdaşlarının hazırladığı reportajda qeyd olunur ki, ötən ayın əvvəlində atəşkəs haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, hələ də dinc Azərbaycan sakinləri həlak olurlar.
Sarıcalı kənd sakini, ingilis dili müəlliməsi Maral Abdullayeva deyib: "Məktəbimiz aprelin 4-də atəşkəsin pozulması nəticəsində ağır artilleriya zərbələri altında dağılıb. İndi məktəbin bir hissəsi bərpa olunub. Lakin uşaqlar dərsə gəlməyə qorxurlar".
Yerli sakinlərin sözlərinə görə, gecə saatlarında ermənilər xüsusilə intensiv atəş açırlar.
Evoğlu kəndinin 56 yaşlı sakini Aygül Hüseynova isə bildirib: "Həyatımız cəhənnəmə çevrilib. Hər axşam atəş səsləri eşidirik. Hansı atəşkəs razılaşmasından danışırsınız?"
Onun evi və ferması dağılıb, iribuynuzlu mal-qarası məhv edilib, özü isə qohumlarının evinə sığınmağa məcbur olub. (trend)