Rusiya və Ermənistan arasında silah qalmaqalının böyüdüyü bir vaxtda ölkə mətbuatında rəsmi İrəvanın niyə Moskvadan başqa digər ölkədən hərbi texnika almaması sualı müzakirə edilir.
"Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Unikal.org anspress-ə istinadən məlumatına görə,  Ermənistan parlamentinin deputatları  müdafiə naziri Seyran Ohanyanla aprelin 4-də qapalı keçirilən görüşdə ölkə rəsmisinə bu suallarla müraciət ediblər. Ermənistanın silah ala biləcəyi, amma imtina etdiyi ölkələr arasında Çin və İsrailin adı xüsusi qeyd edilir.
"Ermənistan niyə Çin və  İsraildən silahı əldə etmir? Bu ölkələr bizə istənilən növ  hərbi texnika  satmağa hazırdır. Niyə bizim ordumuz  yalnız Rusiyadan  əldə edilmiş  silahla silahlandırılır?" - "Aykakan jamanak" qəzeti yazır.
"Aykakan jamanak" qəzetinin iddiasına görə, nazir dolayısı ilə bildirib ki, başqa ölkələrdən silah alınmamasının əsas səbəbi İrəvanın Moskvadan qorxmasıdır. 
Ohanyan deyib ki, biz Rusiyadan indiyə qədər silah almışıq və bundan sonra da bu proses davam edəcək.

Ermənistan cəmiyyətində gəzən bu söz-söhbətin reallıq olduğunu sübut edən əsaslar var. Çünki Rusiya Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kreditin qarşılığında şərt qoyub. Ən başlıca şərt isə ayrılan kreditin əvəzində Rusiya silahlarının əldə edilməsidir. Amma Ermənistan mətbuatı bu silahların 60-80-ci illərdə istehsal oluduğu və istismar müddətini başa vurduğu barədə iddialarla çıxış edir. 

Cəbhə xəttində baş verən son hadisələrdən sonra Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu ordunun müasir silahlarla təchiz olunmamasıdır.  Çünki aprelin əvvəlində Azərbaycan ordusunun Ermənistan təxribatına cavab verərkən qarşı tərəfin müasir hərbi texnika ilə təchiz olunmadığı ortaya çıxıb. Amma Ermənistan cəmiyyətində aprelin əvvəlinə kimi "bizim güclü ordumuz var" şüarı höküm sürürdü.

Həmin vaxt Ermənistan rəhbərliyi də orduda müasir silahların olmamasını etiraf etdilər. Serj Sarkisyan Almaniyaya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. "Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu, Rusiya tərəfinin daxili  işidir", - deyə Abramyan Gümrüdə çıxış edərək deyib.