Azərbaycan dilində konkret müraciət formasının olmaması ünsiyyət zamanı müəyyən çaşqınlıq yaradır. Hətta bəzən narazılıqla nəticələnir. Əksər dünya ölkələrində isə belə bir problem yaşanmır. Məsələn, ingilislər kişiyə "mister", evli və ya dul qadına "missis", subay qadına "miss" deyə müraciət edirlər.  Qonşu Rusiyada kişilərə "qospodin", qadınlara "qospoja" və ya "dama" deyilir, qardaş Türkiyədə isə "bəy", "əfəndim", "bəyəfəndi", "xanıməfəndi" müraciət formalarından istifadə olunur.

Azərbaycanda isə ixtisasından asılı olmayaraq rəssama, müdirə, fəhləyə - bir sözlə, kişi cinsindən olanlara "bəy, "müəllim" deyə müraciət edilir. Bir çox hallarda isə müəllim ixtisasının sahibləri bu cür müraciətə narazılıq bildirir, hamıya "müəllim" deyilməsinə qarşı çıxırlar.

Biz nə edək: müəllim deyək, yoxsa?... 

Unikal.org xəbər verir ki, Mili Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov modern.az-a danışarkən müraciət forması olaraq "müəllim" sözünün işlədilməsinin əleyhinə olmadığını deyib:

"Müəllim sözünün mənası "elm öyrədən" deməkdir. Kim özünü müəllim, elm öyrədən sayırsa, yaxud o minnəti onun üzərinə qoyursansa, ona deyə bilərsən. Burada qəbahətli bir şey yoxdur. Təbii ki, hər adama müəllim demək olmaz və olmur da. Nəzərə alaq ki, hər zaman hamıya adam da demirik...

Bu ayrı söhbətdir. Amma onsuz da cəmiyyətin seçmək prinsipləri var. Heç vaxt heç kimə boş yerə müəllim demirlər".

N.Cəfərov müəllim sözünün müraciət forması kimi tək işlədilməsinin qəbuledilməz olduğunu deyib:

"Mən qarşısındakına adını çəkmədən müəllim deyilməsinin əleyhinəyəm. Hesab edirəm ki, bu müraciət özünü doğrultmur. Məsələn, yolda tanımadığın birinə nə üçünsə müraciət zamanı "müəllim, filan şey filandır" demək doğru deyil. Ümumiyyətlə, müraciət olaraq müəllim sözü işlənirsə, orada ad da işlədilməlidir. Məsələn, Həsən müəllim, Hüseyn müəllim, Nadir müəllim və s. Yaxşı tanıdığın, hətta birbaşa sənin müəllimin olan şəxsə də "müəllim" deyə müraciət etmək məqbul hesab edilmir.

Çünki üslubi baxımdan düz deyil. Amma orta əsrlərdə bir nəfərə müəllim deyilib. Məsələn, hansısa böyük elm adamı tək olaraq müəllim kimi tanınıb. Filosoflar Əbu Nəsr əl-Fərabiyə 2-ci müəllim deyirdilər. Çünki 1-ci müəllim Aristotel idi.

Bu ərəb-müsəlman mühitində standartlaşmış bir modeldir. Amma bu gün ixtisası, peşəsi müəllim olana belə, müəllim deyiləcəksə mütləq adı ilə xitab edilməlidir".