"Bəzən 0,1 qr artıq narkotikə görə narkotik istifadəçiləri həbs olunurlar".
 
Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat  Qüdrət Həsənquliyev deyib.

Millət vəkili deyib ki, bir sıra ölkələrdə narkomanlara marixuanadan istifadəyə icazə verilib.

Azərbaycanda həbsxanada olanların böyük əksəriyyətinin narkotik istifadəçiləri olduğu sirr deyil. "Narkomanları həbsxanalara doldurmağın bir xeyri yoxdur. Həmçinin dövlət onların həbsxanada saxlanılması üçün böyük xərc çəkir. Ona görə də satış, daşıma halları varsa, istintaq bunu sübut edirsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır", – deyə Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili deyib ki, həbsxanadakı insanlar məcburi müalicəyə göndərilməlidirlər.

"Lakin narkotik şəxsi istehlak üçün nəzərdə tutulubsa, bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə son qoyulmalıdır. Belə şəxslərin narkotik vasitələrdən istifadəsi müəyyən çərçivədə leqallaşdırılmalıdır. Bütün dünya bu addımı atır, biz də atmalıyıq", – deyə millət vəkili bildirib.(anspress)