Azərbaycan silahlı qüvvələrinin işğal altındakı torpaqları geri qaytarmaq üçün mayın 9-da, yaxud 10-da irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyinə dair Ermənistanda yaranmış panikanı sakitləşdirmək üçün silahlı qüvvələrinin Baş qərargahının əməliyyat idarəsinin rəisi bəyanatla çıxış edib.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, general-mayor Artak Davtyan yaxın vaxtlarda irimiqyaslı hərbi əməliyyatların gözlənilmədiyini deyib.

Ermənistanın İctimai televiziyasına müsahibəsində Davtyan deyib ki, Azərbaycan qoşunlarının təmas xəttinin bütün istiqamətləri boyu cəmləşməsi barədə naməlum şəxslərin yaydıqları şayiələr, KİV-lərdə tirajlanan xəbərlər hərbçiləri təəccübləndirir.

Elə buradaca qeyd etmək lazımdır ki, Azərbaycan qoşunlarının bütün cəbhə boyu cəmləşdirildiyinə dair məlumatları general Davtyanın dediyi kimi hansısa "naməlum şəxslər" yox, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan mətbuat konfransında elan etmişdi. Lakin belə görünür ki, Ovanisyanın həmin açıqlamalarının Ermənistan əhalisi arasında xofu, panikanı artırdığını görən Müdafiə Nazirliyi səhvə yol verdiklərini başa düşüb və vəziyyəti sakitləşdirmək qərarına gəlib.
"Biz vəziyyəti izləyirik, düşmənin hərəkətini nəzarətdə saxlayırıq, kəşfiyyat aparırıq. Ona görə də qoşunların konsentrasiyası haqda məlumatlar qəribə səslənir, bizi təəcübləndirir", - general Davtyan bildirib. Onun sözlərinə görə, qoşunların cəmləşdirilməsi o demək deyil ki, günü sabah müharibə başlayacaq. "Aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından sonra biz də qoşun qruplaşmalarını təmas xəttində cəmləşdirmişik və döyüş əməliyyatlarına hazırlaşmışıq. Azərbaycan da eyni cür edir və müəyyən vəzifələri həll etməyə cəhd göstərir. Bu mənada bəli, qoşunların cəmləşdirilməsi mövcuddur", - Davtyan əlavə edib.

Artak Davtyanın sözlərinə görə, hər iki tərəf təmas xəttinə qoşun cəmləşdirir ki, qarşı tərəfə qətiyyətini göstərsin, siyasi proses üçün məkan açılsın. "Mən vəzifəli şəxs kimi rəsmən deyirəm ki, yaxın vaxtlarda irimiqyaslı hərbi əməliyyatlar gözlənilmir. Ancaq hərbçi kimi biz hesab edirik ki, müharibə istənilən an başlaya bilər və buna hazır olmaq lazımdır", - Davtyan bildirib.
General Davtyanın bu sakitləşdirici bəyanatla çıxış etdiyi bir vaxtda Ermənistan parlamentinin hakim Respublika partiyasından olan deputatları, parlamentin müdafiə məsələləri, milli təhlükəsizlik və daxili işlər komitələrinin üzvləri həyəcanlı açıqlamalar veriblər. "Azadlıq" radiosunun erməni xidmətinin məlumatına əsasən, müdafiə məsələləri komitəsinin üzvü Xaçatur Kokobelyan deyib ki, Azərbaycan ordusu Naxçıvan istiqamətində, Ermənistanla sərhəddə hərbi texnika və canlı qüvvə cəmləşdirir. "Bəli, bu barədə deyilənlər doğrudur. Azərbaycan tərəfi sərhədin Naxçıvan istiqmətində Rusiyadan alınan yeni topları yerləşdirib. Mən özüm bu barədə dəqiq məlumata malikəm və dəqiq deyə bilərəm ki, Naxçıvan istiqamətində qoşunların, hərbi texnikanın cəmləşdirilməsi gedir. Üstəlik mən deputat kimi, rəsmi adam kimi deyirəm ki, ora yeni Rusiya topları da yerləşdirilib. Hansı ki,  həmin toplar bütün başqa yerlərdə olduğu kimi sınaq və adaptasiya vəzifəsini yerinə yetirir. Bu onu göstərir ki, müharibənin getdiyi günlərdə də Rusiya Azərbaycana silah göndərilməsini davam etdirib", - deputat deyib.

Müdafiə məsələləri komitəsinin digər üzvü Koryun Nahapetyan da "Azadlıq" radiosuna açıqlamasında Azərbaycanın Naxçıvanla sərhəddə qoşun cəmləşdirdiyini deyib. Onun sözlərinə görə, bu məsələ müdafiə naziri Seyran Ohanyanla parlamentdəki qapalı toplantıda müzakirə olunub.
Deputat Kokobelyan isə hesab edir ki, Azərbaycanın Naxçıvan istiqamətində qüvvə cəmləşdirməsi taktiki addımdır. O, birinci Qarabağ müharibəsi dövrünü yada salaraq deyib ki, hərbi əməliyyatlar təkcə Qarabağda deyil, bütün Ermənistan-Azərbaycan sərhədi boyu gedirdi. "Mən əminəm ki, irimiqyaslı hərbi əməliyyatlar başlayan kimi döyüşlər Ermənistan sərhədləri boyu da gedəcək. Bu, artıq bəlli faktdır", - Kokobelyan bildirib.

Müdafiə məsələləri komitəsinin üzvləri general Artak Davtyandan fərqli olaraq hesab edirlər ki, Azərbaycan tezliklə hərbi əməliyyatlara başlayacaq. Xaçatur Kokobelyana görə bu, təmas xəttində qoşunların cəmləşdirilməsi ilə deyil, mövcud situasiya ilə bağlıdır. "Bəzi ölkələr Azərbaycanı himayə edir. Üstəlik strateji müttəfiqimiz Rusiya hətta bu gərgin situasiyada Azərbaycana silah verməkdə davam edir", - o əlavə edib.

Azərbaycanın yaxın vaxtlarda irimiqyaslı hərbi əməliyyatlara başlaya biləcəyi fikrini deputat Koryun Nahapetyan da dəstəkləyir. "Biz hər an buna hazır olmalıyıq", - o bildirib.

Elə Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanda hökm sürən müharibə təşvişlərinə cavab olaraq düşmənə bu cür məsləhət vermişdi. Nazirliyin bəyanatında deyilirdi ki, Ermənistan hər an, hər dəqiqə işğal edilmiş ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsinə hazır olmalıdır. "Ölümü gözləmək ölməkdən daha dəhşətlidir", - Müdafiə Nazirliyimiz ermənilərə xatırladıb.

Milli.Az