Sumqayıtda at əti satılması faktı ilə bağlı istintaq aparılır
12:41 17-08-2012
İQTİSADİYYAT
Sumqayıtda at əti satılması faktı ilə bağlı istintaq aparılır
Eyyub Hüseynov: "Azərbaycan istehlakçısına eşşək ətinin satılması çoxdan rəsmiləşdirilib"
Azərbaycan olduqca maraqlı bir ölkədir. Və artıq biz də bu fikirlə barışırıq ki, dünyada analoqu olmayan bir məmləkətdir. Və nə yaxşı ki, belədir. Çünki ayda bir dəfə bu ölkədə əcaib-qəraib xəbərlər meydana çıxmasa, bilməzsən ki, başını nə ilə qatasan.
Son iyirmi illik tariximizdə əndərəbadi və əndərəbadi olduğu qədər də əyləncəli, məzəli faktlar çox olub. İnanın, belə faktlar olmasaydı, bu ölkədə yaşamaq hamımız üçün çox çətin olardı. Çünki nəyəsə arsız-arsız gülməlisən ki, bir təhər başını girələyəsən.
Nə isə qayıdaq mətləbə...
Sabirabadın bazarında qarpız satmış və sonradan da Nazirlər Kabinetinin sədri olmuş Pənah Hüseyn...
Şahbuz rayonunun Biçənək kəndində baytar işləmiş Tağı Əhmədovun bu gün Bakı Metropoliteninin başçısı postunda olmaqla sıravi jurnalistə "Ə, çox burcutma!" deməsi...
Bu siyahını istənilən qədər uzatmaq olar. Və Allah onların hamısının ömrünü uzun eləsin ki, hərdən beləcə şəngülüm atmacalarla kefimizi açırlar. Və biz də gündəlik dərdlərimizin içində başımızı qaldırıb arsız-arsız gülürük.
Belə əndərəbadi və məzəli faktlardan biri də bu günlərdə meydana çıxıb. Özü də hansı "bu günlərdə"? Müqəddəs ramazan ayında!
Bir neçə gündən sonra müqəddəs Ramazan bayramını qeyd edəcəyik. Müqəddəs bayramda da din xadimlərinin "ayağınızı yorğanınıza görə uzadın" tövsiyələrinə də məhəl qoymayıb süfrədən naz-neməti əskik etməyəcəyik. Məhz açılacaq süfrə üçün dükan-bazarlara üz tutanlar da az olmayacaq.
Yenə düyü, kişmiş, şabalıd, xurma və s. ərzaq məhsulları alanlar bir yana, amma ət alanları bəri başdan ehtiyatlı olmağa çağırırıq. Ehtiyatlı olun ki, mal əti adı ilə at və ya eşşək əti almış olmayasınız.
İş burasındadır ki, Sumqayıt şəhər Polis idarəsində Bərdə şəhərindən 140 kq at əti gətirərək mal əti adı ilə satan Bərdə rayon sakini Zaur Novruzovun işi üzrə istintaq hələ də davam edir.
İdarədən aldığımız məlumata görə, işin gedişindən asılı olaraq istintaqın, təxminən, 20 gündən sonra yekunlaşacağı gözlənilir.
Ancaq istintaqın gedişi müddətində digər şəxslərin üzə çıxacağı da istisna edilmir.
Qeyd edək ki, satıcı Sumqayıt şəhərindəki yarmarkada at əti satdığını əvvəlcə boynuna almayıb. Ancaq sonradan gətirdiyi ətin 140 kq-nın at əti olmasını etiraf edib.Respublika Baytarlıq Xidmətindən isə alıcılara tövsiyyə olunur ki, yalnız sertifikatı olan ət alsınlar.
Qeyd edək ki, Respublika Baytarlıq Xidməti ət satışı ilə məşğul olan fiziki şəxslərə xüsusi şəhadətnamə təqdim edir ki, həmin sənəddə heyvanın harda kəsilməsi, orada hansı proflaktik tədbirlərin görülməsi əks olunur.
Azərbaycan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, "Sözügedən fakt qanunçuluq baxımından cinayət deyil. Bəli! Çünki hələ keçmiş SSRİ-nin vaxtında, daha dəqiqi, 1963-cü ildə SSRİ Dövlət Standartlaşdırma İdarəsinin qəbul etdiyi 004-07 saylı standart əsasında Azərbaycanda istehlakçıya eşşək ətinin satılması qanuniləşdirilib. Yəni Azərbaycan istehlakçısına eşşək ətinin satılması çoxdan rəsmiləşdirilib Qəribə burasıdır ki, həmin standart keçmiş sovet respublikaları içində ancaq Azərbaycan üçün nəzərdə tutulub və həmin sənəd hazırda mənim əlimdədir".
Eyyub Hüseynovun dediyinə görə, iki il əvvəl bu standartın hələ də nə üçün qüvvədə qalması barədə Azərbaycan Azad İstehlakçılar Birliyinin adından Azərbaycan Respublikası Dövlət Standartları və Patentləşdirmə Agentliyinə rəsmi sorğu göndərsə də, agentlik hələ də bu sorğuya cavab verməyib.
Eyyub Hüseynov deyir: "Mən bir Azərbaycan vətəndaşı kimi həmin standartın qəbul edilməsi şəraiti və motivləri ilə ciddi şəkildə maraqlanmışam və məlum olub ki, Moskvada Azərbaycan üçün nəzərdə tutulan həmin standartın qəbul edilməsində ermənilər mühüm rol oynayıblar. Bunu başa düşürük, ermənilər tarixən həmişə əllərinə azacıq fürsət düşən kimi Azərbaycan xalqına ziyan vurmağa, adını ləkələməyə çalışıblar. Bu aydındır. Bəs iki ildir ki. eşşək əti ilə bağlı sorğuma cavab verməyən Azərbaycan respublikası Dövlət Standartları və patentləşdirmə Agentliyi xalqımıza münasibətdə hansı siyasəti yürüdür? Bunu anlamaq çox çətindir. Bəlkə, həmin agentlikdə çalışanların etnik mənşəyini araşdırmaq lazımdır?"
İndi nə deyirsən, əziz oxucu, Azərbaycanın bir ölkə kimi dünyada analoqu var, ya yox?
Və əlavə edirik: dünya xalqları içində Azərbaycan xalqının analoqu var, ya yox?
Natiq
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00