Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılıb.

Unikal.org  xəbər verir ki, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.

"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" qanun layihəsinə əsasən isə Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362 rəng koduna uyğunluğu təmin edilir. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünblüdən ibarət qövsvari çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir. Qalxanın üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Azərbaycan Respublikasının Dövlət Gerbi, ölçüsündən asılı olmayaraq, onun bu təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin "Panton" rənglər kataloqun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

"Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" qanun layihəsində musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilməsi əks olunub.

Hər üç qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.