Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Unikal.org-un məlumatına görə, memorandumu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.
Mərasimdə çıxış edən Kamran Əliyev imzalanan yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyini bildirib. İdarə rəisi bu mühüm sahədə korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılmasına dair tərəflərin birgə fəaliyyətinin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulması üçün bütün zəruri tədbirlərin görüləcəyini qeyd edib.
Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan addımlardan biri kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırılmasının sevindirici hal olduğunu qeyd edib.