Bu gün Bakıda Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı öz işinə başlayıb.

Unikal.org xəbər verir ki, tədbiri Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası və Azərbaycan Dövlət Gömrük Komitəsi birgə təşkil edib.

 "İqtisadi inkişaf üçün təhlükəsiz biznes mühitinə dəstək" devizi ilə keçirilən konfransda 25 ölkədən 150 nümayəndənin iştirakı nəzərdə tutulub.

 Toplantının açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet, Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino, İspaniya Gömrük və Aksiz İdarəsinin baş direktoru Pilar Jurado, "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson, Avropa İttifaqının səfiri - nümayəndə heyətinin rəhbəri Kestutis Jankauskas və Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Enrique Kanon iştirak edəcək.

 Açılış mərasimindən sonra "İpək yolu: korporativ perspektiv" adlı əsas məruzəni "DHL Global Forwarding" şirkətinin gömrük nəzarəti və hüquqi məsələlər üzrə qlobal direktoru Pavel İvanov söyləyəcək. Daha sonra "Təhlükəsiz biznes mühitinin başlıca elementləri" mövzusunda digər məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

 

Tədbirin ilk günü Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının illik Assambleyası ilə başa çatacaq.

 Sabah mayın 3-də davam edəcək konfransda "Təhlükəsiz təchizat zəncirinin yaradılması: özəl sektor operatorları üçün SİO perspektivləri" və "Təhlükəsiz təchizat zəncirinin yaradılması: dövlət sektoru proqramları üçün SİO perspektivləri" mövzusunda təqdimatlar keçiriləcək. Həmin gün "İpək yolu: sərhəd təhlükəsizliyi perspektivi" adlı əsas məruzə ilə "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson çıxış edəcək.

 Mayın 4-də isə "Gömrük-biznes əməkdaşlığı: iqtisadi inkişafa dəstək" mövzusunda məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Həmin gün "İpək yolu: intermodal daşıma və logistika perspektivləri" adlı əsas məruzəni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməliyyat xidmətinin rəhbəri Eugene Seah və "ADY Express" şirkətinin direktor müavini Elçin Əhmədov söyləyəcək.

 Daha sonra konfrans çərçivəsində Dövlət Gömrük Komitəsi Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayevin moderatorluğu ilə "Blockchain" seminarı keçiriləcək.

 Tədbirin sonunda Dövlət Gömrük Komitəsi və Gömrük və Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyası arasında "Fəaliyyət Planı"nın imzalanması nəzərdə tutulub.