Xəbər veriyimiz kimi, Qaradağ rayonu ərazisində yol kənarına quraşdırılan günəş panellərinin yararsız vəziyyətdə olduğu iddia edilir.

Unikal.org-a açıqlama verən Alternativ və Bərpa Olunan Enerji Mənbələri Üzrə Dövlət Agentliyinin şöbə müdiri Fəzail Süleymanov bildirib ki, Elçin Abbasov adlı vətəndaş günəş panelləri olan əraziyə qeyri-qanuni yolla keçib:

"Bütün o ərazi çəpərlənib. Həmin çəpərlərin 2 metr hündürlüyü var. Gələn adam bilməlidir ki, bunun üzərindən keçmək olmaz. O əraziyə keçmək üçün də şlaqbaunlar var. Elçin Abbasov hasarın üzərindən tullanaraq əraziyə keçib, sosial şəbəkədə paylaşdığı görüntüləri çəkib. Nəzarətçilər ona yaxınlaşanda isə o, avtomobilə əyləşərək ərazidən uzaqlaşıb.

Agentliyin şöbə müdiri əlavə edib ki, görüntülərdəki günəş panelləri şəbəkəyə qoşulmayıb:

"Ümumi qoyuluş gücü 2,8 MVt olan stansiyanın birinci mərhələ üzrə 1,9 MVt-lıq hissəsi quraşdırılmış və 1,5 MVt-lıq hissəsi şəbəkəyə qoşularaq sınaq rejimində işə salınmışdır. Yəni layihə çərçivəsində quraşdırılmış günəş panellərinin bir hissəsinin şəbəkəyə qoşulması istiqamətində işlər davam etdirildiyinə görə günəş panellərinin birləşmə kabelləri şəbəkəyə qoşulmayıb. Hazırda stansiyada nəzərdə tutulan işlərin tamamlanması istiqamətində və açılış üçün hazırlıq işləri görülür. Bu ilin sonuna, 2019-cu ilin əvvəlinə qədər istifadəyə verilməsi planlaşdırılır. Abşeron yarımadasında, o cümlədən Qaradağ rayonunda daha çox erroziyaya məruz qalmış torpaqların mövcudluğu və küləkli ərazi olması panellərin atmosfer təsirlərinə və tozlanmaya məruz qalmasını labüd edir. Eyni zamanda pilot layihə olaraq stansiyanın həmin ərazidə quraşdırılması intensiv çirklənən ərazilərdə günəş elektrik stansiyalarının effektivliyinin müəyyən olunması məqsədi daşıyır. Sınaq rejimində işləyən stansiyanın fəaliyyəti dövründə aparılan araşdırmalara əsasən tozlanmanın stansiyanın enerji effektivliyinə təsirləri təqribən 5 % qiymətləndirilib. Texniki reqlamentə uyğun olaraq stansiya istifadəyə verildikdən sonra günəş panellərinin mütəmadi yuyulması təmin ediləcəkdir.



Famil Fərhadoğlu