Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük dəyər verdikləri, tükənməz qayğı ilə əhatə etdikləri və mübarək səfərləri ilə şərəfləndirdikləri İsmayıllı ana yurdum olaraq həmişə mənim maraq dünyama hakim kəsilib. Onun uğurlarına bütün varlığımla sevinmiş, gerilik hallarından, nöqsanlı tərəflərindən narahat olmuşam. Təəssüf edilməlidir ki, beş ilə yaxın bir müddətə qədər təəssüflərimə səbəb hallar daha çox olub. Keçmiş olsun deyib, dövlətçiliyimiz tarixində özünə məxsus yeri olan İsmayıllının bu gününə gəlmək istəyirəm.
Çoxlarına məlumdur ki, professor, əməkdar elm xadimi Mirdaməd Sadıqov elmi idarəetmədə, təhsil təşkilatçılığında öz sözünü demişdi. Universitet rektoru idi. 23 yanvar 2013-cü ildə İsmayıllı hadisələri baş verdikdən sonra ölkə rəhbəri Mirdaməd Sadıqovu elmi idarəetmədən inzibati idarəetməyə dəyişdi - 14 fevral 2017-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin olunması barədə Sərəncam verdi. Bu sərəncam, bu uğurlu dəyişmə ismayıllıların ürəyindən oldu. Sonrakı nəticələr bu ilkin həqiqəti təsdiq etdi.
Bu gün rayonun sosial-iqtisadi inkişafından, hər il yeniləşdirilərək qarşıya qoyulan vəzifələrin icrasından danışdıqda ilk olaraq onu qeyd etməliyəm ki, idarəetmənin təkmilləşdirilməsi, qanunlar üzərində qurulması, hər bir layihədə əhalinin maraqlarının nəzərə alınması, hər bir sakinə ədalətli yanaşma, sahələrin elmi metodlarla idarə olunması yüksəlişin əsasını təşkil edir. Prezident İlham Əliyevin Sərəncam, tapşırıq, göstəriş və tövsiyələrinin icrasına rayonun bütün dərəcələrdən olan icra strukturlarında, idarə, müəssisə və təşkilatlarında məsuliyyətlə yanaşılır. Yaxşı haldır ki, bu məsuliyyətli yanaşma başlanğıcını rayon icra hakimiyyətindən götürür. Rayon icra hakimiyyətinin rəhbərliyi sosial mühiti saflaşdıran, əhalini daim dövlətə inamlı edən tədbirlərə üstünlük verir. O da bəyənilən haldır ki, Mirdaməd Sadıqov bu tədbirlərə rayondan kənarda yaşayan elm adamlarını, tanınmış ziyalıları və iş adamlarını da cəlb edir, onlarla məsləhətləşir, düşündüyü layihələri qarşılıqlı müzakirələrdən sonra icraya yönəldir.
2013-cü ilin mart ayında keçirilən görüş-müzakirələrdə mən də iştirak edirdim. Yeni layihələr köhnəliyin, geriliyin görüntülərinin müqayisəsi əsasında müzakirə olunurdu. İsmayıllı şəhərinin, qəsəbə və kəndlərinin müasir mənzərəsinə diqqət yetirdikdə həmin müzakirələrin, məsləhətləşmələrin böyük səmərə verdiyinin, xeyir gətirdiyinin şahidi oluruq.
Əvvəldə qeyd etdim ki, İsmayıllıda hər bir layihənin əsasında insanların maraqları əsas götürülür. Bu baxımdan yalnız bir faktla fikrimi sübut etmək istərdim. Süni maneələr aradan götürüldüyü üçün 2013-cü ildə əhali tərəfindən 2012-ci ilə nisbətən 10 min kvadrat metr artıq mənzil tikilmişdir.
M.Orucov küçəsi nəinki maşınlar üçün, hətta piyadalar üçün də keçilməz idi. Buradakı bütün evlər, təsərrüfat binaları, hasarlar yenidən quruldu, tikildi, yeni dizaynda tərtib olundu, dam örtükləri təzələndi, yol asfaltlandı, müasir işıqlandırma sistemi quraşdırıldı. Heydər Əliyev prospekti, Nizami Gəncəvi, M.F.Axundov, Ərəstun Mahmudov, Rəşid Mahmudov, Cavad Məmmədov, Cavanşir, Səməd Vurğun, Ü.Hacıbəyov küçələri də əvvəlki abadlıq, quruculuq işlərinin davamı olaraq asfaltlanıb, müasir formada tərtib olunub, piyada səkiləri tikilib, işıqlandırma sistemi quraşdırılıb. Yaxın zamanlara qədər piyadaların və nəqliyyatın hərəkəti üçün çətinlik yaradan 92 küçənin 61-i abadlaşdırılıb, asfaltlanıb, ehtiyac olan yerlərdə kiçik körpülər qurulub. Uzun illər şəhərin yuxarı hissəsindəki kvartalların kommunal xidmətləri (qaz, işıq və su təchizatı) problem olaraq qalırdı. Artıq xeyli vaxtdır ki, problemlərin uğurlu həllindən sakinlər razılıqla danışırlar.
Nizami Gəncəvi kücəsində tikilən "Qala divarları, şəhərin şərq tərəfdən giriş hissəsinin abadlaşdırılması, Əbülhəsən küçəsinin 2 kilometrlik hissəsinin hər iki tərəfində daş döşəməli səkilərin çəkilməsi, Mərkəzi meydanda 3 min kvadratmetr sahənin daşla döşənməsi, Heydər Əliyev prospektində hər cür istirahət imkanları olan Uşaq əyləncə parkının salınması, burada "Qala şadlıq sarayının istifadəyə verilməsi tikinti-quruculuq sahəsindəki fəaliyyətin yüksək nəticələri kimi dəyərləndirilir. M.F.Axundov küçəsində 3 doqquzmərtəbəli, Nizami Gəncəvi küçəsində 2 beşmərtəbəli yaşayış binası ucaldılıb. Bunlar da rayon sakinlərinin maraqlarına xidmət edən və hamı tərəfindən bəyənilən layihələrdəndir.
Diqqətli oxuculara yaxşı məlumdur ki, 2016-cı ildə Prezident İlham Əliyev İsmayıllı şəhəri ərazisindəki 26 hündürmərtəbəli ictimai yaşayış binasının təmiri üçün 3 milyon manat vəsait ayırıb. Həmin vəsait məqsədinə yönəldilir və sakinlər hərtərəfli rahatlıq tapırlar. Binaların dam örtükləri yenilənir, fasadları, giriş qapıları təmir olunur, məhəllələrdə yaşıllıq salınır, səkilər çəkilir, asfalt işləri görülür.
Bazarın ("Şahdağ kiçik müəssisəsinin) qarşısındakı bataqlığı, yolsuzluğu illərlə çoxumuz görmüş və narazı da qalmışdıq. Rayon icra hakimiyyətinin rəhbərliyi bu halı görməklə kifayətlənmədi, tədbir görməyi öz borcu hesab etdi. Daxili imkanlar və İsmayıllı bələdiyyəsinin iştirakı hesabına burada "Saat meydanı tikildi. Bununla da şəhərdə yeni bir abad məkan yaradıldı.
Haraya diqqət yetirsək, təbii ki, orada insana qayğı, onun sosial həyatına diqqətin və nümunəvi xidmətin şahidi oluruq. Q.Aslanov küçəsində tikilmiş 140 yerlik, Təbriz küçəsində əsaslı təmir və yenidənqurmadan sonra 100 yerliyə çatdırılmış uşaq bağçası, Heydər Əliyev prospektində tikilməkdə olan 3 ulduzlu beşmərtəbəli otel binası bu şahidliyin təzahür obyektlərindəndir. Mərkəzi xəstəxana binasının əsaslı təmiri və tam yenidən qurulması İsmayıllı sakinlərini müalicə üçün ətraf rayonlara getməklə artıq xərcdən və vaxt itkisindən xilas edib. Hər cür müalicə və diaqnostik aparatlarla, tibbi avadanlıqla təchic olunan xəstəxanada dializ şöbəsinin açılması bir daha onun nəticəsidir ki, Azərbaycanın hər bir vətəndaşı dövlət qayğısı əhatəsindədir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci Peşə tədris mərkəzi ilə birgə fasiləsiz təhsilin təşkilində əhəmiyyətli rol oynayır. Peşə təliminin bütün tələblərinə cavab verən yeni binada fəaliyyət göstərən Peşə tədris mərkəzi regional xarakter daşıyır və müasir peşələri oyrədir. Azərbayan coğrafiyasını özündə əks etdirən Kollecin binası əsaslı surətdə təmir olunub, müasir auditoriyalar, laboratoriyalar, fənn kabinetləri yaradılıb. Tədris prosesi elmi əsaslarla idarə olunur. Qeyd edim ki, bu da başçı Mirdaməd Sadıqovun ilk təklif - layihələrindəndir. Ona görə də bu təhsil ocağının uğurlarına hamıdan çox o sevinir.
İsmayıllı şəhər Mədəniyyət mərkəzinin keçmişini görənlər bu gününə təəccüb etməyə bilmir. 2013-cü ilə qədər diqqətdən kənarda saxlanmış bu bina teatr və konsert tamaşalarının bütün tələblərinə cavab verən səviyyədə əsaslı təmir olunub və yenidən qurulub. Burada Azərbaycan Respublikasının xalq artisti Alim Qasımovun konserti olub. Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə "Leyli və Məcnun operası tamaşaya qoyulub. Akademik Maqsud Cavadovun, Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin, tanınmış dövlət qulluqçusu Rza İsmayılovun xatirə gecələri, Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun yubileyi və bir çox mədəni-kütləvi-təntənəli tədbirlər keçirilib. Əhaliyə xidmət imkanlarını genişləndirən obyektlərdən biri də növbəti ilin əvvəlində istifadəyə veriləcək "Bədo bərpa mərkəzi-sanatoriya kompleksidir. "Kəndinvestisiya layihəsinin istifadəyə verdiyi Lahıc "icma evi və "Xalq sənətkarlığı evidə əhaliyə xidmətin səmərəli yollarındandır. Sumağallı kəndinin məktəbəqədər yaşlı uşaqları da 2014-cü ildə 40 yerlik uşaq bağçasını hədiyyə alıblar. Qalınçaq kəndində 360, Şəbiyan və Külüllü kəndlərində 80 yerlik məktəb binası tikilib istifadəyə verilib. Şəhər 3 saylı məktəb-lisey isitmə sistemi daxil olmaqla yenidən qurulub, əsaslı təmir edilib. Burada tədrisin təşkili üçün hər cür şərait yaradılıb. 15 yerlik Lahıc və İvanovka xəstəxanaları, Topçu və Tircan həkim məntəqələri də son illərin çox gərəkli yenilikləri sırasındadır.
Bütün idman növlərinin inkişafı üçün şərait və imkanlara malik İsmayıllı Olimpiya İdman Kompleksi Respublika idman Federasiyaları üçün təlim-məşq toplantıları, yarış və çempionatlar məkanına çevrilib.
Şəhərdaxili yollar və küçələr barədə qeydlərim oldu. İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan, İsmayıllı-İvanovka-Hacıhətəmli, İsmayıllı-Qaraməryəm magistral yollarının yenidən çəkilməsi və asfaltlanması, yeni körpülər tikilməsi daha böyük əhəmiyyət kəsb edir.
Sosial həyatlarında rahatlıq tapan insanlar ölkə rəhbərliyinə minnətdarlıq edir, bu işlərin görülməsində zehni və fiziki əməyi keçən hər kəsə təşəkkür edirlər.
Qəsəbə və kəndlərə qaz çəkilişi rayon icra hakimiyyətinin gündəlik vəzifələrinin ön sırasında durur. Bunun nəticəsidir ki, Basqal qəsəbəsinə, Diyallı, Tircan, İstisu, Xanagah, Qurbanəfəndi, Çayqovuşan, Sumağallı kəndlərinə qaz xətləri çəkilib. Əhali məişət rahatlığı tapıb, yanacaq axtarışına son qoyub.
2017-ci ildən rayon büdcəsi özünümaliyyələşdirmə əsasında formalaşmağa başlayıb. Buna zəmin yaradan isə vergilərlə yanaşı İsmayıllı Tikiş fabrikinin, Velosiped istehsalı zavodunun, şəhərin S.Ə.Şirvani küçəsindəki 170 yerlik xalça fabrikinin, Xanagah kəndi ərazisindəki dam örtükləri və tikinti materialları zavodunun, "İsmayıllı-1 və "İsmayıllı-2 su elektrik stansiyalarının, digər sənaye obyektlərinin istifadəyə verilməsi olub.
Tikinti-quruculuq-abadlıq sahəsində görülən işlər bütövlükdə oxucuların diqqətinə çatdırmadan kənd təsərrüfatı sahəsinə də nəzər yetirmək istərdim.
Qeyri-neft sektorunun əsasını təşkil edən kənd təsərrüfatının inkişafından danışarkən öncə onu qeyd etməyi vacib sayıram ki, İsmayıllıda bu sahəyə inzibati yox elmi rəhbərlik edilir.
Fermerlər, aqrar sahə sahibkarları üçün qanuna müvafiq lazımi şərait yaradılır. Ümummilli lider Heydər Əliyevin 2002-ci ilin noyabr ayında İsmayıllıda olarkən verdiyi tapşırığa əsasən İvanovkadakı təsərrüfata lazımi köməklik göstərilir. Kənd təsərrüfatı idarəsinin və fermer evinin tikilib istifadəyə verilməsi sahənin idarə olunmasına səmərə gətirən yeniliklərdəndir. Diyallı kəndində 4 hektar ərazini əhatə edən giləmeyvə istehsalı üçün nəzərdə tutulmuş istixana, Kürdmaşı kəndində min hektar ərazini əhatə edən Aqropark, meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və qablaşdırılması müəssisəsi, 3000 tonluq soyuducu anbar, Keyvəndi kəndində perspektivdə 1500 başlıq olacaq müasir heyvandarlıq kompleksi, yeni-yeni çoxhektarlı meyvə, fındıq, qoz bağları, sənaye üsulu ilə becərilən kartof sahələri İsmayıllıda kənd təsərrüfatını ən gəlirli sahəyə çevirməkdədir.
Üç ildir ki, ardıcıl olaraq 100 min tondan artıq taxıl istehsalı onun göstəricisidir ki, aqrar elmin nailiyyətləri buradakı mütəxəssislər tərəfindən öyrənilir və təcrübədə müvəffəqiyyətlə tətbiq edilir.
Tütünçülüyün və baramaçılığın bərpası və ilk ildə yaxşı nəticə əldə olunması işə məsuliyyətli yanaşmanın nəticəsi hesab edilir. Qubaxəlillidə fermer Müşfiq Həsənovun hər hektardan 50 sentnere yaxın taxıl götürməsi göstərir ki, bu sahədəki imkanlar ardıcıl olaraq reallığa çevrilir.
Qeyd etdiyim uğurlar, təqdir etdiyim fəaliyyət istiqamətləri onun nəticəsidir ki, İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir işin, tədbirin, layihənin uğurunun əsasında insana qayğını, ona obyektiv qiymət verilməsini görür, gəncliyi vacib qüvvə kimi önə çəkir. Başçının ideya müəllifliyi və hərtərəfli dəstəyi ilə əvvəlcə ingilis dili, sonra isə dizayner kursları açılmış, hər iki kursu uğurla başa vuran müdavimlərdən ibarət "İnnovasiya qrupu yaradılmışdır. Həmin qrup indi bir çox layihələrin hazırlanması və icrasında fəal iştirak edir. Gənclərin fəal mövqe tutmasının və informasiya texnologiyaları vasitələrindən istifadə bacarığına yiyələnməsinin nəticəsi idi ki, İsmayıllı 2015-ci il üçün "Azərbaycanın gənclər paytaxtı seçilmişdi.
Mirdaməd Sadıqov təhsili İsmayıllının brendi adlandırır. Bu, həqiqətən, belədir. Rayonun 22 məktəbi "Ən yaxşı məktəb, 26 müəllimi "Ən yaxşı müəllim müsabiqəsinin qalibi olub. Hər il tam orta məktəb məzunlarının 25-28 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayır. 2016-cı ildə şəhər 5 saylı tam orta məktəbin məzunu Ağalətif Lətifov, 2017-ci ildə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal toplayıb. Müəllimlər Respublika və Beynəlxalq layihələrdə fəal iştirak edirlər.
Rayon icra hakimiyyəti hər il qəbul imtahanlarında yüksək nailiyyət qazanan məzunların şərəfinə "Təhsil bayramı keçirir, yüksək balla universitetlərə qəbul olunan abituriyentlərin hər biri bu və ya digər formada qiymətləndirilir. Fevral ayının 2-də "Əlaçıların rayon forumu keçirilir. Hər bir qalib layihə müəllifi, hər bir yüksək yer tutan idmançı, müsabiqələrdə qalib gələn gənclər rayon icra hakimiyyətinin başçısı tərəfindən təqdir olunur, qiymətləndirilir və mükafatlandırılır.
Tolerantlıq və multikulturalizm nümunəsi olan İsmayıllıda regional "Bilik evinin və "Multikulturalizm mərkəzinin açılması da insanların intellektual səviyyəsinin artmasına yardımçı olur.
Rayon icra hakimiyyəti çox düzgün olaraq siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Buna görədir ki, rayonda ictimai-siyasi mühit sabitdir, saflaşmaqda davam edir. Mirdaməd Sadıqovun təsisçisi olduğu "Heydər Əliyev idarəetmə məktəbi bu işdə əvəzsiz əhəmiyyət kəsb edir.
Mədəniyyət mərkəzi ilə əlaqədar yubileylərin xatirə gecələrinin keçirilməsini qeyd etmişdim. Bir daha o məsələyə qayıdıram: o yerdə ki, insana dəyər verilir, kimliyindən, sosial durumundan asılı olmayaraq onların kədərinə şərik olunur, sevincini rəhbər işçi öz sevinci kimi yaşayır, orada müvəffəqiyyəti çox gözləmək lazım gəlmir. Yazıçı-publisist, Basqalın canlı tarixi olan Miryavər Hüseynovun 85 illik, xalça toxuculuğu ilə Lahıca böyük xidmətlər göstərmiş Gülgəz Seyfalıyevanın 95 illik, şair Musa Yaqubun 80 illik, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileylərinin, publisist, etnoqraf Aydın Səlimzadənin xatirə gecəsinin, elmi tutumu və əhəmiyyəti ilə seçilən kitabların təqdimatının keçirilməsi, yaşlı insanların fəal ictimai həyata cəlb olunması mənəvi quruculuq sahəsində həyata keçirilən, hamı tərəfindən bəyənilən tədbirlərdəndir.
Velosiped istehsalı zavodunun açılışı zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə ölkə başçısı demişdir: "İsmayıllı rayonunun inkişafı da məni sevindirir. Mən Prezident kimi İsmayıllı rayonunda dəfələrlə olmuşam, ümumiyyətlə prezidentlik dövründə bu mənim beşinci səfərimdir. Şadam ki, İsmayıllı sürətli inkişaf dövrünü yaşayır.
Bəli, müstəqil Azərbaycanın dövlətə sadiq bir bölgəsi olan İsmayıllı yeniləşir, dövlət rəhbərinin diqqət və qayğısının nəticəsi olaraq sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir. İdarəçiliyə elmi əsaslarla, kollegiallıqla, insana qayğı əsasında, milli mənəvi dəyərləri, siyasi iradəni, yeni düşüncə tərzini, tarixi təsərrüfatçılığı, xalq sənətkarlığının müxtəlif növlərini nəzərə almaqla yanaşılır. Belə yanaşma İsmayıllını daha yüksəklərə aparacaqdır.