Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Balakən şəhərində Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.
Komitədən unikal.org-a verilən məlumata görə, qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.