Üç gün öncə güclü sel nəticəsində Göyçay çayı üzərində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpasına başlanılıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, iki gündür, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Körpübinatikinti ASC-nin tikinti briqadası və ağır texnikaları dağılan körpünün bərpası işləri aparır.
Hazırda körpü dayağı üçün diametri 1000 sm olan dəmir borular torpağa basdırılır, çayda suyun kənardan mərkəzə tərəf yönəldilməsi üçün istiqamətləndirici beton bənd inşa edilir. Məlumata görə, körpünün bərpası işləri bir neçə ay davam edəcək.
Bununla belə, iki gün öncə Göyçay çayı üzərində müvəqqəti olaraq alternativ körpünün inşasına başlanılacağı və bir həftə ərzində Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkətinin bərpa ediləcəyi bəyan edilsə də hazırda bu istiqamətdə iş aparılmır.
Mütəxəssislər bunu çayda suyun səviyyəsinin düşməməsi, eləcə də hazırda ağır texnikaların dağılan körpünün bərpası ilə məşğul olması ilə əlaqələndiriblər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, çayda suyun səviyyəsi azalmadığından alternativ körpünün inşası müvəqqəti təxirə salınıb: "Müvəqqəti yol üçün borular qoyulmalı və boruların üstündən də yol çəkilməli idi. Çayda suyun səviyyəsi azaldığı təqdirdə bu işlər həyata keçiriləcək. Hazırda suyun səviyyəsi çox olduğundan əməkdaşlarımız işləyə bilmir. Paralel olaraq körpünün bərpası istiqamətində iş gedir. Amma çayda suyun səviyyəsinin çox olması bu işləri də ləngidir"
Qeyd edək ki, iyunun 2-də Göyçay çayına güclü sel gələrək uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünün 15 metrlik hissəsini dağıdıb. İyunun 3-də axşam saatlarında çayda güclü sel axını dayanıb, suyun səviyyəsi aşağı düşərək əvvəlki axına qayıdıb və körpünün bərpası üçün işlərə başlanılıb. Hazırda Göyçay şəhərinin şərq hissəsinin əhalisi və 38 kəndin sakinləri rayon mərkəzinə gediş-gəlişlə bağlı böyük çətinliklə üzləşirlər.
Sakinlər şəhərin şimalındakı köhnə asma piyada körpüsündən və 60 kilometr uzunluğu olan Göyçay-Ucar-Göyçay yolundan istifadə etməklə rayon mərkəzinə getmək məcburiyyətində qalıblar.