Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının tikintisi zamanı antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb. Paytaxtın Nəsimi rayonu, Salatın Əsgərova küçəsində "Malibu Rezidens" şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.
Xəbər işıqlandırıldıqdan sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Unikal.org-a bildirilimişdi ki, Salatın Əsgərova, Rəsul Rza, Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrinin perimetri daxilində çoxmərtəbəli binanın özülünün qazıntısı zamanı tarixi əhəmiyyəti olması ehtimal edilən maddi nümunələr aşkar olunub. Hazırda ərazi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb.Tikinti işləri dayandırılıb. Arxeologiya institutunun mütəxəssisləri araşdırmalara cəlb olunub.
Amma Mədəniyyət Nazirliyinin rəsmi münasibəti təsdiqini tapmayıb.
Belə ki, unikal.org-a açıqlama verən Tarix və Etnoqrafiya İnstitutunun Yeni Qazıntıların Tədqiqi Şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı Mədəniyyət Nazirliyinin onlara rəsmi müraciət etmədiyini bildirib:
"Bizə bu barədə heç kəs rəsmi müraciət etməyib. Mədəniyyət Nazirliyi bizim quruma müraciət edəndən sonra sözügedən əraziyə gedib baxa, öz fikrimizi deyə bilərik. Bu barədə mənə şifahi deyilib. Hətta mən gedib o yerə baxmışam. Həmin ərazi ilə bağlı fikir söyləmək üçün qazıntı işləri aparmaq, işə başlamaq üçün isə hüquqi sənəd lazımdır. Nazirliyin Arif Məmmədov adlı işçisi mənə zəng edib, xahiş etdi ki, gedib şifahi şəkildə baxım. Həmin ərazidə olan zaman gördüm ki, onlar eksalatorla dağıdıblar. Gördüm nəsə köhnə tikinti qalıqları var. O tikintiləri araşdırmaq lazımdır. Arxeoloji cəhətdən biz mədəni təbəqəni araşdırmasaq, heç nə deyə bilmərik. Mən də Arif Məmmədova dedim ki, siz rəsmi şəkildə bizim instituta müraciət edin, gələk araşdıraq. Mən burada özbaşına iş görə bilmərəm".
Xatırlaqdaq ki, adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.