Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib. 

Unikal.org xəbər verir ki, qəbulda 130 nəfərə yaxın rayon sakini və bələdiyyə, hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri iştirak edib.

A. Fərzəliyev rayon sakinlərini salamlayaraq, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə həyatının bütün sahələrində olduğu kimi, sosial-iqtisadi sahədə də yüksək nailiyyətlərin əldə edildiyini bildirib eyni zamanda, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb.

Səyyar qəbulda çıxış edən sakinlərin təbii qaz, elektrik enerjisi və su təchizatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq və s. məsələlərlə əlaqədar problemləri dinlənilmiş, onların rəy və təklifləri nəzərə alınmış, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılmış və yaxud onlarla bağlı aidiyyəti səlahiyyətli şəxslərə konkret tapşırıqlar verilmiş, bəzilərinin həlli ilə bağlı isə müvafiq araşdırmalara ehtiyac duyulduğuna görə nəzarətə götürülərək, bu barədə vətəndaşlara ətraflı izahat verilmişdir.

Sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran A.Fərzəliyev əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayaraq, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparıb.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib, həmçinin rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinə həssaslıqla yanaşmalarını tələb edib.