İsa Qəmbər nəyi sayır və necə sayır?
12:30 30-08-2012
CƏMİYYƏT
İsa Qəmbər nəyi sayır və necə sayır?
Müsavat Partiyasının başqanı İsa Qəmbərin avqustun 28-də Azadlıq radiosunun canlı efirində 2013-cü ilin prezident seçkilərində namizədliyini irəli sürəcəyi barədə bəyanatı müxalifətdə ciddi şəkildə silkələnmə yaradıb. Məlum olduğu kimi, sözügedən partiya və AXCP müxalifətin əsas güc mərkəzlərindən hesab edilən İctimai Palatanın özəyini təşkil edən siyasi qurumlardır və bu iki partiya arasındakı münasibət heç də həmişə yumşaq olmasa da, elektoratları onları vahid platformada görməyi çox arzulayırlar. Lakin, necə deyərlər, sən saydığını say, gör, İsa Qəmbər nə sayır...
Təbii ki, başqanın bəyanatı dərhal kəskin reaksiyalara səbəb oldu və yenə də, təbii ki, ilk qıcıq AXCP-dən gəldi: "İsa Qəmbər dediklərinə aydınlıq gətirməlidir". Və AXCP-çilər hesab edirlər ki, İsa Qəmbərin bu addımı məlum razılaşmalara ziddir...
Müsavatçılar da fağır durmadılar və yüksək tonda danışmağa başladılar. Başqan müavini Arif Hacılı bildirdi ki, "Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideri İsa Qəmbərdir".
Müasavatçı sözünə davam edərək deyib: "İsa Qəmbər demokratik düşərgənin təmsilçiləri arasında seçkilərdə həmişə ən yüksək səs toplamış partiyanın başqanıdır. Eyni zamanda, o, Əbülfəz Elçibəydən sonra Azərbaycan demokratik düşərgəsinin lideridir. İsa Qəmbər iştirak etdiyi prezident seçkilərində də ciddi uğur qazanmış siyasi xadimdir. Bu baxımdan, onun prezident seçkilərində iştirak edəcəyini, namizəd olacağını bəyan etməsi tamamilə təbiidir".
O bildirib ki, İsa Qəmbər "mən vahid namizəd olacağam" ifadəsini işlətməyib: "İsa bəy "prezident seçkilərində iştirak edəcəyəm" deyib. Bununla belə, şübhə etmirəm ki, İsa Qəmbər 2013-cü il prezident seçkilərində bütün müxalifətin vahid namizədi olmayacaqsa belə, elektoratının əksərinin səsini almağa nail olacaq. Bu baxımdan, İsa Qəmbərin dediklərinin guya hansısa qərarlara zidd olması barədə fikirlərin səslənməsini yanlış hesab edirəm".
Xatırladaq ki, İP Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər "Azadlıq" radiosuna müsahibəsində gələn il keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətini açıqlayıb: "2013-cü il seçkilərində iştirak etmək niyyətindəyəm. Mənə səs verəcək insanların ümidlərini doğruldacağam".
Müstəqil politoloq Ərəstun Oruclunun sözlərinə görə, "Bir müddət əvvəl AXCP sədri Əli Kərimli də oxşar bəyanatla "Amerikanın səsi" radiosunda çıxış edib bildirmişdi ki, 2013-cü ilin prezident seçkilərində öz namizədliyini irəli sürəcək. Amma eyni zamanda öz mövqeyini bu qədər radikal şəkildə ifadə etməmişdi. Müsavat başqanının bəyanatında isə bir qədər neqativ çalar hiss olunur".
Ərəstun Oruclunun fikrincə, "İctimai Palata Azərbaycan cəmiyyətinin və müxalifətin həyatında gözlənilən ümidləri doğrultmadı. Bununla belə, minimum vəzifələri yerinə yetirə bilsə də, maksimum vəzifələrin öhdəsindən gələ bilmədi. Bu qurumun qarşısında duran maksimum vəzifə 2013-cü ilin prezident seçkilərindən əvvəl mübarizənin əsas prinsiplərini və taktiki variantları işləyib hazırlamaq idi. İP-nın toplantılarında bu məsələni dəfələrlə irəli sürsəm də, təəssüf ki, nəzərə alınmadı və bu günə qədər də həmin konsepsiya işlənib hazırlanmayıb. Həmin konsepsiya işlənib hazırlanandan sonra bu əsasda vahid namizəd məsələsini həll etmək mümkün olardı. İsa Qəmbərin bəyanatından sonra, güman ki, İctimai Palatanın daxilində də mühit neqativliyə doğru dəyişəcək və sadaladığım problemlərin həlli mümkün olmayacaq".
Politoloqun sözlərinə görə, "İqtidara yaxın siyasətçilərin dili ilə mənim adımın müxalifətin vahid namizədi kimi hallandırılmasından sonra özümə qarşı qısqanclıq müşahidə etməyə başladım və bu qərara gəldim ki, ümumiyyətlə, bu məsələlərdən geri çəkilim".
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, "Bildiyimə görə, İctimai Palatanın toplantılarında prezidentliyə vahid namizəd məsələsinin müzakirəsinə ümumi razılıq əsasında moratorium qoyulmuşdu və hesab edirəm ki, bu, düzgün addım idi. Bundan daha vacib problemlər var ki, birinci növbədə onlar həll edilməliydi. Biz də bir partiya kimi məhz müxalifət daxilindəki bu məsələlərin həll edilməsinə çalışırdıq. Fikrimcə, İsa Qəmbərin bəyanatı tələsik şəkildə qəbul edilmiş bir qərardır və İctimai Palatanın qərarını pozmaq deməkdir".
Natiq
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49