Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik - ANAMA Yevlax şəhərində raket aşkarlayıb.

Agentlikdən Unikal.org-a verilən məlumata görə, iyulun 30-da axşam saatlarında Daxili İşlər Nazirliyinin "102 Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Yevlax şəhərində, Kür çayının sahilində mərmi tapılması barədə məlumatlar alınıb.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Yevlax şəhər polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində ANAMA-nın mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub. Raket zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin tapıldığı yerin ətrafında 600 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.