Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Cümhuriyyətin 100 illiyi Diaspor Gənclərinin I Yay düşərgəsi bir neçə günə başlayır. 

Unikal.org xəbər verir ki, Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək. Gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayır. Onlar Amerika Birləşmiş Ştatlarında, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet respublikalarında, müxtəlif Şərq ölkələrində, bir sözlə dünyanın 4 bir yanında yaşayan soydaşlarımızdı. Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir. Düşərgədə 150-dən artıq gənc toplanacaq, onları maraqlı, yaddaqalan görüşlər, eyni zamanda istirahət və əyləncə gözləyir. Belə ki, gənclər ictimai şəxslər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar. 

Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları var. Diaspor gəncləri üçün qısamüddətli olsa da Azərbaycan dili dərsləri də nəzərdə tutulub.

Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.