"Son 15 il ərzində Azərbaycan sərhədçiləri 8 min 797 sərhəd pozucusunu, 135 min 91 nəfər rejim pozucusunu, 28 min 935 nəfər axtarışda olan şəxsi saxlayıb.
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.
O bildirib ki, bu müddət ərzində təxmini dəyəri 126 milyon manat olan qaçaqmalın, o cümlədən 4 ton 266 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, 331 ton narkotik mənşəli bitki kolu aşkar olunaraq məhv edilib:
"Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 18 nəfər və əlaqədə şübhəli bilinən 79 nəfər Azərbaycan, 21 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 88 şəxs saxlanılıb, 375 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 136 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib:
"Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur. Təməli ulu öndər tərəfindən qoyulan Azərbaycanın sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirilib. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.
E.Quliyevin vurğulayıb ki, Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, Sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir: "Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə dövləti maraqlara sədaqətlə xidmət edir. Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır.