Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən unikal.org-a  verilən məlumata görə, iclasda çıxış edən qurumun sədri Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini diqqətə çatdırıb.

R.Rzayev deyib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, yeni yaşayış kompleksləri salınır. Bu sahəyə xüsusilə həssas münasibət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qəzalı vəziyyətdə olan bina və tiklilərdə, ən ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırığın icrası davam etdirilir.

Kollegiyanın gündəliyinə məcburi köçkünlərin faktiki məskunlaşma üzrə uçot və qeydiyyatı, Dövlət Komitəsinin balansında olan mənzil fondunun istismar vəziyyəti, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vətəndaşların müraciətlərinə baxılması və s. məsələlər daxil edilib. Hər bir məsələ barədə Dövlət Komitəsinin müvafiq struktur bölmələri rəhbərlərinin məruzələri dinlənilib, ətraflı müzakirələr aparılıb, mövcud nöqsanların aradan qaldırılması yolları müəyyənləşdirilib, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilib.