Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevin avtoxuliqanlıq etməsi sosial və peşəkar mediada hələ də müzakirə olunur.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, N.Abdullayev "KIA" markalı maşınla şəhərin mərkəzində "avtoşluq" edib. 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra onu süni tıxac yaratmaqla saxlaya biliblər. Məlum olub ki, o, sükan arxasına spirtli içki qəbul edərək əyləşib.
Mayın 20-də Nərimanov rayon Məhkəməsinə aparılan N.Abdullayev 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib və DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Mediada N.Abdullayevin təcridxanaya göndərilərkən polislərlə dialoqu yayılıb. Gənc avtoxuliqan əməlini sıradan bir hal hesab edir.
"Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il "srok" yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?" – deyib gənc "avtoş".
Mətbuatın xəbərinə görə, Nurpaşa Abdullayev oğlu ilə saxlama yerinə görüşə gedərkən qalmaqal baş verib. Oğluna su ötürmək istəyən ata Abdullayevə deyiblər ki, su saxlanılan şəxslərə verildiyindən onun gətirdiyi suya ehtiyac yoxdur.
Bu sözdən sonra məmurun özündən çıxdığı, nəzarətçiləri hədələdiyi deyilir.
Olaydan sonra mətbuat Nurpaşa Abdullayevin kimliyini araşdırıb. Məlum olub ki, o, həm Xarici İşlər Nazirliyində şöbə rəisidir, həm də bazar sahibidi. N.Paşayev 3-cü mikrorayon bazarının sahiblərindən biridir.
Qanunla biznesmenin dövlət məmuru olması yasaqdır. Amma N.Abdullayevə münasibətdə qanunun bu tələbi keçərli olmayıb. 3-cü mikrorayon bazarının sahiblərindən biri olan N.Abdullayevi bazarkom olmasına rəğmən XİN-də işə götürüblər...
Bəs məmur-bazarkom Nurpaşa Abdullayevin aqibəti necə olacaq? Onu qanunla cəzalandıracaqlarmı? Ölkə prezidenti indiyədək övladları avtoxuliqanlıq edən xeyli məmuru işdən qovuq. Bu, N.Abdullayevə də şamil olunacaqmı?
Prezidentin həmin çıxışından sitat: "Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır.
Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!"
Prezidentin bu çıxışından sonra bir Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırovun Zığ şosesində "BMW X6" və "Lada Priora" avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayıldı. Ardınca DİN onların hər ikisini həbs etdi.
T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovuldu, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarıldı.
Daha bir oxşar olay Suraxanı rayonu, Zığ şosesində baş verdi. Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı Az 10 NB 466 nömrə nişanlı avtomobilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun yüksək sürətlə idarə etdiyi "Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobilə çırpıldı.
Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu olaydan sonra Mübariz Mədətov işdən qovuldu, oğlu Xalid Mədətov isə həbs olundu.
Sonuncu belə olaya qol qoyan Nicat Abdullayevi polis süni tıxac yaradıb saxlamasaydı, hansı nəticə olacağını düşünmək belə ağırdır. Hazırda N.Abdullayevin özünün etdiyi hərəkətlərə qiymət verməsi üçün qarşıda azı 15 günü var...
Onu da qeyd edək ki, bu N.Abdullayevin ilk məhkumluğu deyil. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə daxil olur.
O, evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dibçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Polisə daxil olan növbəti şikayətdə isə Nicat sahə müvəkkilinə müqavimət göstərib və buna görə də aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona bir aylıq həbs cəzası verib.
Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub. Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb.