1-5 iyul tarixlərində Tiflisdə ATƏT Parlament Assambleyasının illik sessiyası keçiriləcək.
"Parlament əməkdaşlığının 25 ili: Dialoq vasitəsi ilə etimad yaratmaq" adlı sessiya çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsində isveçli deputat Marqareta Sederfeldin müəllifi olduğu qətnamə layihəsi müzakirəyə çıxarılacaq.
Layihədə münaqişə nəticəsində yurd-yuvalarından məhrum olunmuş Azərbaycan, Ermənistan Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının evlərinə qayıtmasının onların danılmaz hüququ olduğu təsdiqlənir.
Həmçinin Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin eskalasiya ilə bağlı narahatlıq ifadə olunur. Mövcud danışıqlar formatı və mexanizmi çərçivəsində ATƏT sədrliyinin həlli uzanmış münaqişələrin çözülməsində aktiv fəaliyyəti alqışlanır. Qətnamə layihəsində müəllif Dağlıq Qarabağ münaqişəsi zonasında yeni ədavət risklərini azaltmaq məqsədi ilə etimad tədbirləri üçün səy göstərmək və Minsk qrupu çərçivəsində Böyük Sülh Sazişi üzərində işə başlamaq üçün parlamentariləri münaqişə tərəflərini siyasi iradə ortaya qoymağa həvəsləndirməyə çağırır.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.(APA)