Son bir neçə ildə maliyyə sektorunun inkişafı və maliyyə savadlılığının artması Azərbaycanda maliyyə inkluzivliyi göstəricilərinin yaxşılaşması ilə nəticələnib, lakin bir çox komparator ölkələrlə müqayisədə bu göstəricilər əhəmiyyətli dərəcədə aşağıdır.

Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə Dünya Bankının "Azərbaycanda Maliyyə Potensialının və İnkluzivliyinin Gücləndirilməsi Hesabatı"nda deyilir.

Ölkədə 4620 yetkin yaşlı şəxslər arasında keçirilmiş sorğusunun nəticələrinin təhlil olunduğu hesabat bu gün Bakıda Dünya Bankı, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə təşkil etdiyi tədbirdə təqdim olunub.

Maliyyə əlyetərliyi və inkluzivliyi ev təsərrüfatlarının rifahı, iqtisadi artımı və bərabər rifahı üçün mühümdür. Azərbaycan maliyyə əlyetərliyi, maliyyə inkluzivliyi (bank hesabı olan şəxslərin sayı) və maliyyə infrastrukturu baxımından yüksək orta gəlirli ölkələrin orta səviyyəsindən geridədir. Sorğuların nəticələrinə görə, Azərbaycanda yalnız 36,4 faiz yetkin şəxs bank hesabına malikdir. Müqayisə üçün Gürcüstanda bu göstərici 39,7 faiz, Qazaxıstanda 53,9 faiz, Türkiyədə 56,6 faiz, Rumıniyada 60,8 faiz və Serbiyada 83 faiz təşkil edir.

Maliyyə sabitliyinin qorunması, maliyyə xidmətləri istehslakçılarının müdafiəsinin gücləndirilməsi və keyfiyyətli maliyyə xidmətlərinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən islahatlar maliyyə sektoruna etimadın artırılması və maliyyə əlyetərliyinin və inkluzivliyinin təkmilləşdirilməsi üçün əsas zəmindir. "Maliyyə xidmətlərinin daha da əlyetərliyi üçün bu xidmətlərin, xüsusilə baza maliyyə məhsullarının məsrəfləri bankların effektivliyinin artırılması, maliyyə sektorunda şəffaflığın və rəqabətin gücləndirilməsi ilə azaldılmalıdır", - Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri xanım Larisa Leşçenko belə deyib.

Maliyyə əlyetərliyi və inkluzivliyi bir sıra amillərdən, o cümlədən gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən asılıdır. Gəncə-Qazax regionunda ev təsərrüfatlarının maliyyə inkluzivliyi sahəsində ölkə üzrə ən yüksək göstərici - 38,3 faiz, Şəki-Zaqatala regionunda isə ən aşağı göstərici - 32,3 faiz - qeydə alınmışdır. Həmçinin, sorğunun qənaətinə görə, işsiz yetkin şəxslər orta məşğullarla müqayisədə maliyyə xidmətlərində 6 faiz az istifadə edir. Gənc qadınların iqtisadi iştirakının zəif olması nəticəsində onların maliyyə inkluzivliyinin də az olması görünür. Maliyyə potensialının zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri maliyyə xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır.

Bununla yanaşı, maliyyə müəssisələrinin məhdud əhatə dairəsi və istehlakçıların müdafiə çərçivəsinin yetərli olmaması da maliyyə əlyetərliyi və inkluzivliyinə mane olur. Azərbaycanda bank şəbəkəsi (hər 1000 yetkin şəxsə düşən bank şöbələrinin sayına görə) Avropada ən kiçiklərdən biridir, müasir maliyyə xidmətlərinin göstərilməsi (o cümlədən, filialsız banklar, rəqəmsal maliyyə) isə yetərli səviyyədə inkişaf etməmişdir. Kredit infrastrukturu (kredit büroları, təminatlı transaksiyalar çərçivəsi) formalaşma mərhələsindədir. "Azərbaycan qeyri-bank maliyyə institutlarını və maliyyə xidmətləri üzrə müasir paylama platformalarını (e-bankçılıq, mobil bankçılıq) inkişaf etdirməlidir", - Azərbaycanda Dünya Bankının maliyyə sektoru üzrə fəaliyyətinə rəhbərlik edən Maliyyə Sektoru üzrə Baş Mütəxəssis xanım Anjela Priqojina qeyd edib. "Baza maliyyə xidmətlərinin milli poçt operatoru "Azərpoçt" vasitəsilə həyata keçirilməsi bir neçə il bundan öncə başladılmış mühüm islahatlardan biridir. Ölkə ərazisində 1600 filialdan artıq şəbəkəsi və bank və digər maliyyə institutları ilə tərəfdaşlığı ilə "Azərpoçt" ölkədə maliyyə inkluzivliyi və əlyetərliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verə bilər", - deyə qeyd olunub.

Azərbaycan maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və maliyyə potensialının artırılması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Buraya maliyyə savadlılığı ilə bağlı internet səhifəsinin yaradılması, milli maliyyə savadlılığı strategiyasının hazırlanması, məsuliyyətli kreditləşdirmə və şikayətlərin həllinə dair banklar üçün tövsiyələrin hazırlanması aiddir. Maliyyə savadlılığı məktəb tədris proqramının tərkib hissəsinə çevriləcək. "Milli maliyyə savadlılığı strategiyası dövlət və özəl maraqlı tərəflərin geniş kütləsi tərəfindən dəstəklənməsi və icra olunması üçün ətraflı fəaliyyət planı ilə müşayiət olunmalıdır", - Maliyyə Sektoru üzrə Baş Mütəxəssis və hesabatın aparıcı müəllifi cənab Ziqfrid Zottel belə deyib. "Bu strategiyanın icrası ev təsərrüfatları və şirkətlərin maliyyə potensialının gücləndirilməsi baxımından ictimaiyyətlə əlaqələr üzrə müxtəlif kanallardan istifadəni tələb edəcək. Şikayətlərin baxılması üçün maliyyə ombudsmanının yaradılmasının da nəzərə alınması vacibdir".

Hesabat Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilən İstehlakçıların Müdafiəsi və Maliyyə Savadlılığı texniki yardım layihəsi çərçivəsində hazırlanmışdır.