Ramazan ayında Avropa və Amerikanı qana bulamağa hazırlaşan terrorçuların planının üstü açıldı.
Unikal.org anspress-ə istinadən bildirir ki, İŞİD terror təşkilatının rəsmi sözçüsü hesab edilən Əbu Məhəmməd Adnaninin 31 dəqiqəlik səs yazısı ortaya çıxıb.
O, müqəddəs ayda dünyanın iri şəhərlərində törədəcəkləri terror aktları ilə hər kəsi şoka salmağa hazırlaşdıqlarını deyir.
Terrorçu qərb ölkələrində olan terrorçulara müraciət edib və olduqları yerlərdə təsir qüvvələrini artırmaq təlimatını verib. 2013-cü ildən İŞİD-in sözçüsü olan Adnani terror qruplaşmasının bundan sorakı hədəflərindən də danışıb. "İmkanlarımız əl vermədiyi üçün aramıza qatılmaya bilərsiniz. Ancaq olduğunuz ölkələrdə daha böyükmiqyaslı aktlar gerçəkləşdirin. Onları qəlbindən vurun".
O, indiyə qədər Suriya və İraqda üzərlərinə 20 mindən çox bomba atan qərbliləri öz evlərində cəzalandıracaqlarını deyib.
Onun "İraq çöllərində də yaşaya bilərik" sözləri isə terrorçuların Suriyadan çıxa biləcəklərinə işarə kimi qiymətləndirilir.
İŞİD terrorçuları son olaraq mart ayında Belçikanı qana bulayıblar. Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 40-a yaxın insan ölüb, yüzlərlə insan isə yaralanıb.
Ötən ilin noyabrında isə Fransanın paytaxtı Parisdə İŞİD terrorçularının törətdikləri terror aktı dünyanı dəhşətə salıb. Eyni gündə törədilən partlayışlar nəticəsində 130-dan çox insan terrorun qurbanı olub.
Hələ mart ayında İŞİD terrorçu qruplaşmasının xüsusi hazırlıq keçmiş ən az 400 üzvünü terror aktları törətmək məqsədilə Avropaya göndərməsi barədə xəbərlər yayılıb. Bu xəbəri "Associated Press" İraq və Avropa ölkələrindəki kəşfiyyat xidmətlərinin nümayəndələrinə istinadən yaymışdı.
Qərb ölkələrində hücumların həyata keçirilməsi üçün silahlılar İraq, Suriya və mümkündür ki, post-sovet ölkələrində xüsusi düşərgələrdə hazırlanırlar. Onlara təlimat verilib ki, missiyalarını həyata keçirmək üçün uyğun vaxt və məkan seçsinlər.