Azərbaycan Moskva üçün o qədər qiymətlidir ki, Rusiya buna görə Ermənistanı qurban verməyə hazırdır.
 
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə "armenianreport" saytında yayımlanan məqalədə deyilib.
 
Tevos Arşakyanın müəllifi olduğu məqalədə qeyd olunur ki, Putin Sərkisyanı alçaltmaqda davam edir:
 
"Sərkisyan rejiminin Kreml kuratorları Ermənistanı və erməni xalqını təhqir edir. Biz hamımız yaxşı xatırlayırıq ki, aprel döyüşləri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı açıq şəkildə Ermənistana dəstək verməkdən imtina etdilər. Rusiya bizim ərazimizə hərbi bazası kimi baxır. Aprelin 15-də İrəvanda Rusiya və Ermənistan parlamentlərinin müdafiə və təhlükəsizlik komissiyalarının birgə iclası oldu. Bu tədbirdə Rusiyanın müdafiə və təhlükəsizlik məsələləri ilə məşğul olan Rusiya senatorları iştirak edirdilər. Lakin bu tədbirdə göstərdi ki, Rusiyadan olan qonaqlar Ermənistanı müdafiə etmək, Azərbaycanı isə ittiham etmək fikrində deyillər. Sonda nəzərdə tutulan bəyanat da qəbul edilmədən Moskvaya göndərildi. Rusiya Federasiya Şurasının komitə sədrinin birinci müavini Aleksandr Çekalin izah etdi ki, Rusiya parlamentinin proseduruna görə, bəyanatı əvvəlcə parlamentin başqa komitələri ilə uyğunlaşdırmaq lazımdır. "Biz razılaşdıq ki, bəyanat Moskvaya göndəriləcək, üç komitə onu müzakirə edəcək və sonra qəbul ediləcək", - o bildirib".
 
Müəllif qeyd edir ki, Azərbaycan Moskva üçün çox qiymətlidir və buna görə Ermənistanı hər an qurban  verməyə hazırdır.