"Mən elə-belə adamlarla oturub-durmuram"
Narkotiki öz istifadəsi üçün əkdi, daha sonra məhsulunun bol olmasından ruhlanıb, ona müştəri tapmaq qərarına gəldi. Ancaq Bakı sakininin bu əməli ona azadlığı bahasına başa gələcək.
Suraxanı polisi narkotiklərlə mübarizə sahəsində uğurlu əməliyyat həyata keçirib. Şıxəli Əliyevin yaşadığı Binə qəsəbəsindəki evə baxış zamanı oradan 5 kiloqramdan artıq qurudulmuş marixuana və xeyli sayda çətənə kolları götürülüb.
Şıxəli Əliyev dindirilərkən bildirib ki, narkotiki əvvəlcə öz istifadəsi üçün əkib. Əkdiyi toxumlardan çoxlu məhsul əldə etdiyini gördükdən sonra ona müştəri taparaq satmaq qərarına gəlib.
Saxlanılan şəxs: "Dedim, bir dənə də əkim, özüm üçün saxlayaram çəkməyə. Həyət-bacada qurtarandan sonra, guya belə bir şey olmayıb. Sonra maraqlanaram, görək elə bir adam olar almağa. Məsələn, 10 manatdır, 5 manatdan verərdim, "nə sən məni tanıyırsan, nə də mən səni" deyərdim. Bir dənə "Qazel"im var, itin günündədir, dedim onu bir az düzəldərəm, yığaram. Təzə ailəliyəm, 3 ildir. Pula görə elədim".
Kasıbçılığın daşını çirkin əməli ilə atmaq istəyən Şıxəli Əliyev bundan sonra onu tanıyanların üzünə necə baxacağını düşünür:
"Kişi işi deyil bu, biabır oldum e. Bilirsən, necə dost-tanışlarım var. Məni buraxsalar da, bayıra çıxa bilmərəm uje. Mən elə-belə adamlarla oturub-durmamışam. İstəyirdim ki, həyatla ayaqlaşım, şeytan aldatdı məni. Dost-tanış deyəcək ki, sən buymuşsan? İndi gəl başa sal ki, vəziyyət belə olub".
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir. (Region TV)