Ermənistanda müdafiə naziri Seyran Ohanyanın son açıqlaması ilə bağlı qalmaqal yaşanır. Daha doğrusu, ermənilər sosial şəbəkələrdə "təhqir olunduq, aşağılandıq" yazırlar.
Səbəb trivial, gözləniləndir: S.Ohanyan həmişəki kobud, qaba, yöndəmsiz, nə dediyini düşünməyən insan ampluasında qalıb.
Ermənistan parlamentində olarkən jurnalistlərin suallarını cavablayan S.Ohanyan Dağlıq Qarabağdakı mövcud situasiyadan da danışıb.
"Dördgünlük müharibə" günlərində minlərlə qarabağlı ermənilərin ev-eşiklərini tərk edərək qaçdıqları, Talış və Madagiz kəndlərini tamamən tərk etdiklərini söyləyən jurnalist nazirdən soruşub: "Cənab Ohanyan, sizcə, qarabağlı ermənilər kəndlərinə nə zaman qayıda bilərlər?!"
Seyran Ohanyan bu sualı eşidəndə sifətinə kinayəli ifadə verərək söyləyib: "Sualı mənə niyə ünvanlayırsınız?! Bunu gedin, Dağlıq Qarabağdakı ermənilərin rəhbərlərindən soruşun. Məndə olan məlumata görə, orada vəziyyət normaldır, tiəhlükəsizdir. Atəşkəsdir. Dağlıq Qarabağdakı ermənilərin rəhbərliyi camaatın geri qayıtması üçün işləyərək şərait yarada bilər. Bütün bunlar mənim səlahiyyətimə daxil deyil. Məndən soruşmayın".
Yerevandakı "Haykakan Jamanak" və "Yerkir" qəzetlərinin fikrincə, müdafiə nazirinin açıqlaması laqeydlik və kobudluq nişanəsidir.
Müxalifətdəki Erməni Milli Konqresinin funksioneri, millət vəkili, sabiq baş nazir Qrant Baqratyan isə deyib: "Seyran Ohanyan hamımızı təhqir etdi. Onunla Dağlıq Qarabağdakı strukturların rəhbərləri arasındakı münasibətlərin çox gərgin olduğu məlumdur. Lakin qarabağlı ermənilərin evlərinə qayıtması ilə bağlı suala "gedin bunu onlardan soruşun" tipli cavab vermək sadəcə, məsuliyyəti başqasının üstünə atmaq deyil. Jurnalist konkret sual vermişdi və konkret də cavab almalıydı.
Dağlıq Qarabağda Ermənistanın hərbi birləşmələrinin olduğu sirr deyil. O hərbi birləşmələr kimə tabedir - mənə, qarabağlı ermənilərə, yoxsa Seyran Ohanyana?! Əgər səngərdəki əsgərlərin naziri olan adam məsuliyyəti boynundan atırsa, qarabağlı ermənilər hara və necə qayıda bilərlər?!"