Qəzaya uğrayan "EgyptAir" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin göyərtəsindəki insan qalıqlarının analizi təyyarədə partlayış baş verdiyini göstərir.
 
Bu barədə ekspert-kriminalistlər bildirib.
 
Bununla yanaşı, partlayıcı qurğu ilə əlaqəli maddələr aşkarlanmayıb. İstintaq qrupunun tərkibinə daxil olan və şəxsən qalıqların analizində iştirak etmiş ekspertlərdən biri deyib ki, Qahirəyə 80 cəsəd parçası göndərilib: "Parçalar o qədər kiçikdir ki, hətta onların içində bütöv bədən üzvləri, məsələn baş və ya əllər yoxdur".
 
Qeyd edək ki, Parisdən Qahirəyə uçan "EgyptAir" hava şirkətinə məxsus sərnişin təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub.(APA)