Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun səhhətində problem yaranıb.
Sabiq Aparat rəhbərinin səhhəti qəfil pisləşib. V.Zeynalovun ayaqlarının tutulduğu deyilir. O, hətta ötən həftə vəkili ilə görüşə gələ bilməyib.
V.Zeynalov 1 saylı Bakı İstintaq təcridxanasının tibb məntəqəsinin həkimləri tərəfindən nəzarətə götürülüb. Səhhətindəki problemə gəlincə, onun bel və onurğa nahiyələrində fəqərə yırtığı və kəskin radikulit xəstəliklərinin olduğu bildirilir.
Sabiq Aparat rəhbəri məsələ ilə bağlı həkim komissiyasının yaradılması və komissiyadan keçirilməsini tələb edib. Hələlik müraciətə müsbət cavab gəlməyib.
Qeyd edək ki, V.Zeynalov ötən ilin sonlarında həbs edilib. Səbail rayon məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.(Trend)