Dağlıq Qarabağa gedən yollar haradan keçir?
12:32 06-09-2012
CƏMİYYƏT
Dağlıq Qarabağa gedən yollar haradan keçir?
Ermənistan Ordusunun zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun azadlığa buraxılması beynəlxalq ictimaiyət tərəfindən birmənalı şəkildə qarşılanmayıb və artıq bunun əks-sədalarını duymaqdayıq. Bu faktdan ən maksimal şəkildə faydalanmağa çalışan tərəf isə, təbii ki, Ermənistandır.
Məlumata görə, Ermənistan parlamentində artıq bu məsələ ilə bağlı müzakirələr başlanıb.
ADP-nin sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, "Ramil Səfərovun azad edilməsindən sonra Azərbaycan cəmiyyətini bir eyforiya bürüyüb. Bu eyforiyadan ayılandan sonra dünyanın aparıcı ölkələri və o cümlədən Dağlıq Qarabağ probleminin həll yolları ilə birbaşa məşğul olan dövlətlər və beynəlxalq qurumlar artıq bu faktdan istifadə edib Azərbaycana qarşı kəskin mövqelər nümayiş etdirməyə başlayıblar və bu baxımdan vəziyyət o qədər də xoşagələn deyil. Mənim qəti qənaətimdir ki, Ramil Səfərovun azad edilməsini daha mürəkkəb taktiki formalarda həyata keçirmək olardı və biz beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşməli olmazdıq".
Partiya liderinin sözlərinə görə, "Mən bir vətəndaş və siyasətçi kimi bu cəmiyyətin son iyirmi dörd ildə yaşadığı, özündən və istəklərindən asılı olmadan Dağlıq Qarabağ probleminə görə məruz qaldığı çoxsaylı ədalətsizliklərin, faciələrin, sarsıntıların doğurduğu üzüntüləri gözəl anlayıram. Ramil Səfərovun azad edilməsi faktı bu cəmiyyətdə eyforik bir durum yaratdı. Bu o demək idi ki, Azərbaycan xalqı, nəhayət, məğlubiyyətlərdən, ruh düşgünlüyündən xilas olub özünə olan inamını bərpa etməyin həsrətindədir. Amma məni nə qədər tənqid etsələrdə, yenə də bu fikirdəyəm ki, Ramil Səfərovun azad edilməsini başqa formalarda reallaşdırmaq mümkün idi. Belə olsaydı, Azərbaycan beynəlxalq miqyasda indiki durumla üz-üzə qalmazdı. Fikrimcə, bundan sonra Dağlıq Qarabağ probleminin həlli üçün gedən proseslərdə Azərbaycanı ciddi şəkildə küncə sıxışdıracaqlar və hətta olduqca xoşagəlməz situasiyadan keçməli ola bilərik".
Sərdar Cəlaloğlu hesab edir ki, "Ermənistanın kəşfiyyat qurumlarının Ramil Səfərova qarşı terror törədəcəyi barədə məlumatlar gözə kül üfüməkdən başqa bir şey deyil. Bu məlumatlar Ermənistanın xüsusi xidmət qurumlarının bilə-bilə yaydığı şayiələrdir. Burada məqsəd Azərbaycanın diqqətini Ermənistanın atacağı əsas və həlledici addımlardan yayındırmaqdan ibarətdir. Buna görə də Azərbaycan dövləti bu xoşagəlməz situasiyanın qabağını almaq üçün təcili şəkildə addımlar atmalıdır. Təsəvvür edin ki, Fransa, Birləşmiş Ştatlar, Rusiya, Avropa Birliyi artıq bu faktdan istfadə edib Azərbaycanın üstünə qalxıblar".
Ehtiyatda olan polkovnik-leytenant, müstəqil hərbi ekspert Üzeyir Cəfərlinin sözlərinə görə, "Bütövlükdə götürəndə Ramil Səfərovun azad edilməsi düzgün addım idi, lakin mənə elə gəlir ki, bu məsələdə bir qədər tələsikliyə yol verildi. Bununla belə artıq geriyə yol yoxdur və biz Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti olaraq düşmən dövlətlərin hər cür təxribatına qarşı hazır olmalıyıq. Ermənistan çalışacaq ki, bu faktdan mümkün qədər geniş şəkildə faydalansın. Ancaq Azərbaycanın da hərbi və diplomatik potensialı kifayət qədərdir və güman edirəm ki, bu mürəkkəb vəziyyətdən çıxmaq çətin olsa da, hər halda mümkün olacaq".
Ekspertin fikrincə, "Hazırda Azərbaycan ordusu təmas xəttində son dərəcə ayıq-sayıq olmalıdır. Çünki NATO-nun baş katibi Rasmussen hazırda İrəvandadır və onun sabah (bu gün-red.) Bakıya gələcəyi gözlənilir. Xatırlayırsınızsa, Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton İrəvandan sonra Bakıya gələndə ermənilər atəşkəsi pozaraq cəbhə xəttində kifayət qədər gərgin vəziyyət yaratdılar və bu atışmalar xeyli davam etdi. Ermənistan tərəfi o zaman hay-küy salmışdı ki, Azərbaycan tərəfi cəbhə xəttində təxribat törədərək indiki status-kvonu dəyişmək niyyətindədir Ona görə də güman edirəm ki, Ermənistan Rasmussenin səfərindən və Ramil Səfərov amilindən bu dəfə də yararlanmağa səylər göstərə bilər".
Ekspert hesab edir ki, "Ramil Səfərovun əfv edilməsinə Rusiyanın loyal yanaşmasını hesab edənlər yanılırlar. Dağlıq Qarabağ probleminin əsas müəllifi kimi Rusiyanın bu fakta laqeyd qalacağını düşünmək sadəlövhlükdür. Ermənistan yenə də Rusiyanın dediyini edir və bundan sonra baş verəcək hadisələrdə rus izi aydınca seziləcək".
Adila
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12