Ermənistanın işğalı altında olan Talış kəndinin sakinləri qorxduqları üçün evlərinə qayıda bilmirlər.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu səbəbdən qondarma Dağlıq Qarabağ respublikasının "rəhbərliyi" kənd sakinlərinin başqa ərazilərdə yerləşdirilməsini təklif edib.
Qondarma rejimin "nazirlər kabineti"nin mətbuat katibi Artak Beqlaryan deyib ki, hələ ərazilər dəqiq müəyyən edilməyib."Amma biz onlara təklifimizi etmişik. Hansı ailə şərtləri qəbul edəcəksə, onlar barədə konkret qərarlar qəbul olunacaq", - deyə qondarma rejim rəsmisi bildirib.
Talış kəndinin icma koordinatoru Slava Bayunts isə deyib ki, artıq 370 erməni İrəvana gedib. O deyib ki, onlar problemlərinin tez bir zamanda həll edilməsi üçün hökumətə məktublar göndəriblər.
"Sakinlər hər yerdə yaşamağa razıdırlar, bircə onlara sığınacaq verməlidirlər. Bizə sığnacaq və maddi yardım lazımdır", - deyə Bayunts bildirib. Amma bir gün əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan demişdi ki, Talış sakinləri öz evlərinə qayıda biləcəklər. "İndi Talış kəndi təhlükəsizdir. Sakinlərə hər bir şərait yaradılmalıdır ki, onlar öz evlərinə qayıtsınlar. Atəşkəs rejiminə riayət edilir. Bu isə bizə sakinlərin evlərinə qayıtması üçün işlər görməyə şərait yaradır", - deyə Ohanyan bildirib.
Həmçinin bir neçə dəfə kənd sakinlərinin evlərini tərk etdiyi barədə də məlumatlar yayılıb. Hətta "Qarabağ hökuməti" onlara Şuşa və Ağdam şəhərlərində mənzillər ayırsa da sakinlər İrəvana getməyə üstünlük veriblər. Talış, Madagiz və Ağdərə rayonundan qaçmış əhalinin bir qismi öz qohumlarının evində yaşayır.
Bütün bu faktlar və sakinlərin evlərinə qayıda bilməməsi Ermənistan prezidenti Serj Sarkisyanın "itirilmiş 800 hektar ərazinin starteji əhəmiyyəti yox idi" sözlərinin birbaşa cavabıdır.
Bundan əvvəl də qondarma rejim Sarkisyanın sözlərini təkzib etmişdi.
Qondarma Dağlıq Qarabağ respublikası "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın "itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi" sözlərini şərh edərkən deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. O, Sarkisyanı qeyri-adekvat adlandırıb.