İŞİD terror qruplaşması Rusiyanın Suriyada yerləşən aviabazasına hücum edib.
 
Unikal.org anspress-ə istinadən xəbər verir ki, bu barədə "Stratfor" kəşfiyyat-analitik şirkəti xəbər yayıb.  
"Stratfor"un yaydığı peyk görüntülərinə əsasən hadisə nəticəsində Rusiyanın 4 Mi-24 hərbi helikopteri və bir neçə hərbi texnikasının məhv edildiyi məlum olub.
Mayın 24-də ABŞ kəşfiyyat-analitik şirkəti tərəfindən yayılan görüntülər mayın 14-17-də Suriyanın Palmira şəhəri yaxınlığında yerləşən Tiyas (T4) hərbi hava bazasında çəkilib.  
Yayılan görüntülərdə yanaraq məhv olan hərbi helikopterlər aşkar görünür. İŞİD-in hücumundan sonra çəkilən şəkillərlə bağlı Rusiya Müdafiə Nazirliyi artıq təkzib verib.  
Rusiya MN Suriyada məhv edilmiş Rusiya döyüş vertolyotları haqqında xəbərləri təkzib edərək bunları bildirib: "Suriyada Rusiya döyüş helikopterləri bölməsinin və onlarla yük maşınının İŞİD terror qruplaşması tərəfindən məhv edilməsi barədə xəbərlər həqiqəti əks etdirmir".  
Rusiyada müxalifətə məxsus sayt isə Suriya mənbələrinə istinadən raket zərbəsi endirilən yanacaqdoldurma maşınının partlaması nəticəsində hərbi hava bazasının vurulduğunu yazıb.  
Rusiyanın ilk aviabazası Suriyanın Latakiya bölgəsində "Hmeymim" aeradromunda yerləşir. Rusların burada 50-dən artıq döyüş təyyarəsi və helikopteri var.  
"Reuters" agentliyi Rusiyanın Suriyadakı hərbçilərinin sayının 4 minə çatdığı barədə xəbər yayıb. Rusiya "Hmeymim" aviabazasından başqa Suriyanın Hama, Şəriət və Tias hava limanlarından da istifadə edir.