Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu respublikanın rəhbəri Ramzan Kadırovla görüşüb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, məlumatı Çeçenistan hökumətinin mətbuat xidməti yayıb.
Görüş zamanı R.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Ramzan Kadırova çatdırıb, ona hədiyyə təqdim edib. Söhbət zamanı R.Mehdiyev deyib ki, Kadırov respublikaya başçılıq etdiyi 9 il ərzində çeçen xalqı üçün çox iş görüb. "Dağıdılmış Qroznı indi gözəl şəhərə çevrilib, Rusiyanın ən yaxşı şəhərlərindən biri olub"-Mehdiyev deyib.
Ramiz Mehdiyev onu da bildirib ki, Çeçenistan rəhbəri çeçen xalqının əsl oğludur, atasına, Çeçenistanın ilk prezidenti Əhməd Kadırova layiq oğuldur. "Siz çeçen xalqının əsl oğlusunuz. Çeçen xalqına xoşbəxt həyat nəsib etmişiniz, problemləri və çətinlikləri aradan qaldırmışınız. Biz yaxın keçmişdə burada baş verənləri yaxşı xatırlayırıq. Siz təkcə çeçen xalqına layiq oğul deyilsiniz, eyni zamanda atanıza layiq oğulsunuz və onun xəyallarını həyata keçirirsiniz. Azərbaycan xalqı həmişə çeçen xalqının yanındadır"-R.Mehdiyev deyib.
Kadırov isə xoş sözlərə görə Mehdiyevə təşəkkür edərək deyib ki, Azərbaycan müharibə zamanı çeçen xalqına çox kömək edib. "Yaxşı yadımızdadır ki, o vaxt bütün çeçenləri quldur, terrorçu hesab edirdilər, heç kim bizimlə ünsiyyət qurmaq istəmirdi, qaçqınları qəbul edən yox idi. Mən Əhməd-Hacının (atası Əhməd Kadırovu nəzərdə tutur) Heydər Əliyevlə görüşündə iştirak edirdim. O, çeçen xalqına çox yaxşı münasibət göstərdi, kömək etdi. Biz bunu heç vaxt yaddan çıxarmarıq"-Ramzan Kadırov deyib.
Çeçenistan rəhbəri söhbət zamanı Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinin vacibliyini qeyd edib. "Mən əminəm ki, biz bir olmalıyıq, xalqlarımızı və ölkələrimizi birlikdə qorumalıyıq ki, düşmən bizimlə oyun oynamağa heç cəsarət belə etməsin"-o bildirib.