"Azərbaycanlı qardaşlarımızın uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq, 25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. Mən azərbaycanlı qardaşlarımızın Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm".
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilən XIII zirvə konfransından sonra İƏT baş katibi İyad Madani ilə keçirdiyi mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
XIII zirvə konfransını İƏT-nin tarixində "dönüş nöqtəsi" kimi xarakterizə edən Ərdoğan, əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb: "Bu məsələdə ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq".