"Sirr deyil ki, Metsamor atom elektrik stansiyası (AES) təkcə Qafqaz deyil, həm də bütün region üçün böyük təhlükə mənbəyidir. Xarici və yerli ictimai-siyasi xadimlər və mütəxəssislər bu barədə dəfələrlə çıxış ediblər. Mən də bir neçə dəfə xəbərdarlıq etmişəm ki, Ermənistandakı AES-də yarana biləcək istənilən texniki nasazlıq ekoloji və iqtisadi nəticələrini proqnozlaşdırmağın çətin olduğu vəziyyətə gətirib çıxara bilər. Bu barədə Azərbaycan hökumətini də məlumatlandırmışam".
Unikal.org xəbər verir ki, bunu AzərTAc-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
Qurban Yetirmişli vurğulayıb ki, Metsamor AES-in istismar müddəti bitib: "Bundan əlavə, o, seysmik təkanların 8-9 bala çatdığı aktiv seysmik zonada yerləşir. Beynəlxalq ekspertlər də bölgədə zəlzələ ehtimalının çox yüksək olması barədə xəbərdarlıq edib. Hazırda Metsamor AES təhlükəli vəziyyətdədir, güclü zəlzələ böyük fəlakətlə nəticələnə bilər. Bu isə təkcə Qafqaz yox, həm də Yaxın Şərq ölkələri üçün faciə ola bilər. Baş verənləri nəzərə alaraq, Ermənistan rəhbərliyindən AES-in fəaliyyətini dayandırmağa nail olmaq lazımdır".