Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış aparıcı İlham Mirzəyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicəsi davam etdirilir.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, ağır vəziyyətdə müəssisəyə köçürülən aparıcının səhhəti müalicələrdən sonra sabitləşib. Hazırda İ.Mirzəyev özünü normal hiss etsə də, həkimlər onun müalicəsini davam etdirməyi məsləhət görüblər.
Qeyd edək ki, bir müddət əvvəl saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində İ.Mirzəyevin səhhətində ciddi problemlər yaranmışdı. Aparıcı yeriməyə çətinlik çəkib, köməksiz hərəkət edə bilmirdi. Həkimlərin müayinə və müalicəsindən sonra İ.Mirzəyevin səhhətində qismən irəliləyiş olsa da, səhhətindəki problemlərin aradan qaldırılması üçün onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məsləhət görülüb.
Xatırladaq ki, İ.Mirzəyev 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, aparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Lakin İ.Mirzəyev ittihamı rədd edir və deyilənlərin yalan olduğunu bildirir.
Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.