Rusiyadan Azərbaycana biletlərin satışı 90 faiz artıb.
Unikal.org-un məlumatına görə, APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə "Skyscanner" bilet və otel axtarışı xidmətinin araşdırmasında bildirilir.
Araşdırma çərçivəsində qeyd olunan resurs 260 min rusiyalı səyahətçi arasında sorğu keçirib, həmçinin, xidmətin saytı vasitəsilə aviabiletlərin bronlaşdırılmasını təhlil edib.
Məlumata görə, sifarişlərin əksəriyyəti (52 faiz) Rusiya kurortlarını əhatə edir. Ümumilikdə, cari yay mövsümündə Rusiya turistlərinin 60 faizinin ölkə daxilində istirahət edəcəyi proqnozlaşdırılır. Keçən il bu göstərici 50 faiz təşkil edib.
"Skyscanner"in araşdırmasına əsasən, daxili istiqamətlərdən başqa rusiyalı turistlər yaxın xaricə daha çox üz tutmağa başlayıb. Belə ki, ötən illə müqayisədə Rusiyadan Gürcüstana biletlərin satışı iki dəfə, Azərbaycana isə 90 faiz artıb. Bolqarıstanda istirahətə tələbat 31 faiz, Qazaxıstanda – 20 faiz, Ermənistanda isə 16 faiz artıb.
Uzaq xaric kurortlarından isə rusiyalılar daha çox İspaniya və İtaliyaya üstünlük verirlər.