Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda C. Hüseynov son sözlə çıxış edib. O, ifadəsində baş vermiş cinayət işindən xəbərinin olmadığını, özünü təqsirli bilmədiyini deyib: "Məhkəmə zamanı təqsirim sübuta yetirilmədi. Mən baş verən cinayəti gizlətməyə heç bir təşəbbüs göstərməmişəm. Nə içki içənəm, nə nəşə çəkənəm. Həmişə də jurnalistlərlə münasibətim normal olub. Lakin mətbuat bu işi düzgün işıqlandırmadı. Mən idmançı kimi bayraq qaldırmışam. Atam şəhid olub. Atam bizi xalqa tapşırdı, anam da yaxşı tərbiyə verdi. Heç kimdən bu günə qədər kömək istəməmişik. On aydır həbsdəyəm, iki uşağım əziyyət çəkir".
 
 
C. Hüseynov məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını istəyib.
 
 
Proses mayın 31-də davam etdiriləcək. Həmin gün hökm elan olunacaq.
 
 
 
Qeyd edək ki, prokuror C.Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
 
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
 
Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar barələrində olan məhkəmə qərarından apellyasiya şikayəti veriblər. 
 
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
 
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.