Türkiyə Ramil Səfərov məsələsinə münasibət bildirdi
11:14 07-09-2012
CƏMİYYƏT
Türkiyə Ramil Səfərov məsələsinə münasibət bildirdi
Türkiyə Xarici İşlər Nazirliyi səviyyəsində Ramil Səfərovun esktradisiyası məsələsinə münasibət bildirib. Nazirliyin internet səhifəsi xəbər verir ki, rəsmi Ankara Ramil Səfərovun ekstradisiyası və Azərbaycan Prezidenti tərəfindən əfv olunma prosesinin heç bir mərhələsində iştirak etmədiyini bəyan edib.
“ABŞ-dakı erməni diasporunun etirazlarının Türkiyəyə yönəldilməsini heyrətlə izləyirik. Türkiyənin əsassız olaraq hədəfə alınması üçün göstərilə səylər daim Türkiyə əleyhinə çıxmağa alışqan olan pis niyyətli çevrələrin yeni qaralama kampaniyasıdır”.
“Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, “Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin fərmanı ilə əfv edilməsi faktına ehtiyatlı yanaşması başa düşüləndir. Nazirlik bir mənada tam haqlıdır ki, Azərbaycan prezidenti əfv addımını tam müstəqul şəkildə atıb və bu, ölkəmizi daxili məsələsidir”.
Politoloqun fikrincə, “Bununla belə hesab edirəm ki, Türkiyənin Xarici İşlər Nazirliyi ermənilərin terror təşkilatı olan ASALAnın Azərbaycanı hədələməsinə kəskin və olduqca sərt şəkildə reaksiya verməli idi. Çünki məlum olduğu kimi, ermənilərin terror təşkilatı olan ASALA ötən əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində vəzifə borcunu yerinə yetirən onlarla türk diplomatını qətlə yetirib və bu terror aktlarını qətiyyən danmadan nümayişkaranə şəkildə törədib. Məhz buna görə türkiyənin ASALAnın bəyanatı barədə susması mənə bir qədər qəribə gəlir. Ancaq güman edirəm ki, Türkiyə bu məsələ ilə bağlı yaxın günlərdə açıqlama verməlidir. Bu həm də ona görə olmalıdır ki, hazırda Türkiyə terrorun məngənəsində çabalayır. PKK artıq ölkənin daxilində Türkiyə ilə açıq şəkildə müharibəyə başlayıb və onlarla türk əsgəri şəhid olub. Yadınıza salım ki, tarixən erməni terrorçuları ilə kürd terrorçuları sıx surətdə əməkdaşlıq ediblər. Ona görə də Türkiyə ASALAnın
Azərbaycana ünvanlamış hədə-qorxularına konkret münasibət bildirməlidir”.
Elxan Şahinoğlunun sözlərinə görə, “Prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsindən sonra yaranmış gərginlik tədricən səngiməyə doğru gedir və bu belə də olmalıydı. Bir məqama diqqət yetirilməlidir ki, Birləşmiş Ştatlar və Avropa dövlətləri Ramil Səfərovun Azərbaycana ekstradisya edilməsinə etiraz etmirlər, onlar sadəcə, Ramil Səfərovun əfv edilməsindən narahat olublar və bu da keçici bir haldır. Lakin məni daha çox narahat edən başqa bir məsələdir. Fikrimcə, Azərbaycan Ramil Səfərovun əfvi ilə bağlı ermənilərin virtual aləmdə bizə arşı açdığı savaşın gedişindən lazımi şəkildə yararlana bilmədi və bu çox göəl bir fürsət idi ki, erməniləri bir daha dünya miqyasında ifşa edə bilək”.
Politoloq hesab edir ki, “ASALAnın hədələrinə laqeyd yanaşmaq olmaz və Azərbaycanın müvafiq strukturları bu yöndə həm diplomatik, həm də digər istiqamətlədə profilaktik tədbirlər görməlidir ki, dövlətimiz və vətəndaşlarımız, o cümlədən xaricdə çalışan diplomatlarımız təhlükələrə məruz qalmasın”.
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, “Bölgədə yaranmış vəziyyətlə bağlı hazırda Türkiyənin Xarici İşlər Nazirliyinin kifayət qədər problemi və təxirəsalınmaz işləri var. Suriyada gedən proseslər, PKK-nın son zamanlar ölkədə fəallaşması və nəhayət, Fransanın yeni prezidenti Ollandın təşəbbüsü ilə uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması məsələsinin yenidən gündəmə gəlməsi Türkiyənin qayğılarını kifayət qədər artırıb. Qeyd etməliyəm ki, fransızların bu dəfəki qanun layihəsi əvvəlkindən daha kəskin formada hazırlanıb və Türkiyənin onu önləməsi çox zor olacaq”.
Politoloqun fikrincə, “Görünür, Tükiyədə haqlı olaraq hesab edirlər ki, Azərbaycan indiki mərhələdə Ermənistanın öhdəsindən təkbaşına da gələ bilər və zənnimcə, bu, çox düzgün mövqedir”.
Mübariz Əhmədoğlunun sözlərinə görə, “Prezidentin fərmanı ilə Ramil Səfərovun əfv edilməsinə görə Ermənistan tərəfinin dünya miqyasında saldığı hay-küy onların gözlədiyi nəticəni vermədi və mənə elə gəlir ki, Ermənistanın bu dəfəki antiazərbaycan kampaniyası Azərbaycanın xeyrinə işlədi. Qəti şəkildə demək olar ki, Azərbaycan artıq təşəbbüsü ələ alıb və bu üstünlük Dağlıq Qarabağ probleminin həlli prosesində də özünü mütləq büruzə verəcək. Ümumiyyətlə, mən bu fikirdəyəm ki, Yaxın Şərqdə və o cümlədən Cənubi Qafqzda gedən proseslər Azərbaycanın xeyrinə işləyir və yaxın illərdə bunun real bəhrəsini görəcəyik”.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15